"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində VSG "Tirol" üzərində 4:0 hesablı qələbəni dəyərləndirib.
Prosport.Az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən təcrübəli mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib.
"Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar. Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə ki, optimal formadan hələ uzağıq."
Qurbanov yeni transferlərin komandaya uyğunlaşması üçün vaxta ehtiyac olduğunu da vurğulayıb.
"Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik."
Qeyd edək ki, "Qarabağ"ın 4:0 hesablı qələbəsində yeni transfer Zakaria Savo het-trik edib, Kamilo Duran isə bir qola imza atıb.

