"Son oyunda baş vermiş epizodla bağlı yayılan məlumatlara münasibət olaraq bildiririk ki, futbolçumuz qarşılaşma zamanı zədə alıb. Eyni zamanda komandanın oyunçu dəyişikliyi limiti artıq dolduğu üçün o, səhhəti ilə bağlı riski artırmamaq məqsədilə meydanı tərk etmək məcburiyyətində qalıb".
Prosport.Az-ın xəbərinə görə, bunu "Karvan-Yevlax"ın yeni icraçı direktoru Elvin Əjdərli deyib.
"Everton" və "Liverpul"un yetirməsi Sem Durant Yevlax şəhər stadionunda keçirilən "Araz-Naxçıvan"la qarşılaşmanın (0:2) 83-cü dəqiqəsində heç bir əvəzetmə və ya hakimin göstərişi olmadan, zədələndiyini əsas göstərərək, meydanı tərk edib. Bundan sonra isə Füzuli Məmmədovun komandası matçın qalan hissəsini 10 nəfərlə davam etdirməyə məcbur olub.
Elvin Əjdərli buna aydınlıq gətirib: "Klub olaraq hər bir futbolçumuzun sağlamlığı bizim üçün hər şeydən önəmlidir. Bu hadisə tərəfimizdən heç bir halda özbaşına davranış kimi qiymətləndirilməyib. Qeyd etmək istəyirik ki, sözügedən futbolçumuz komandamızın ən intizamlı və peşəkar oyunçularından biridir. O, həm şəxsi keyfiyyətləri, həm də davranışı ilə kollektiv daxilində daim böyük rəğbət qazanıb".
Qeyd edək ki, Sem Durant meydana 54-cü dəqiqədə Rauf Rüstəmlinin yerinə daxil olub.

