"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.
Prosport.Az xəbər verir ki, 1/4 final mərhələsində "Xəzri" və "Sərhədçi" komandaları arasında seriyanın 3-cü matçı keçirilib. Görüşün əvvəllərindən üstünlüyü ələ keçirən "Xəzri" yekunda 91:70 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra komanda seriyada ümumi hesabı 2:1-ə çatdıraraq, yarımfinalda "NTD-İndiqo"nun rəqibi olub. Ən məhsuldar basketbolçular "Xəzri"dən Ceremi Maklaflin (23 xal, 14 ribaund), "Sərhədçi"dən isə Leon Cilmor (18 xal, 3 ribaund) olub.
Qeyd edək ki, "NTD-İndiqo" və "Xəzri" komandaları arasında yarımfinal seriyasının ilk oyunu mayın 8-də baş tutacaq.

