"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun "A" qrupunda 2 oyun keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçı "Neftçi" və "Sumqayıt" komandaları arasında baş tutub. Favorit hesab olunan paytaxt təmsilçisi rəqibi üzərində 87:76 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Neftçi"dən Alfonso Styuart (21 xal, 8 ribaund), "Sumqayıt"dan Roderik Smit (21 xal, 9 ribaund) olub.
Günün 2-ci oyununda çempionatın lideri "Xəzri" "Cəlilabad" klubu ilə qarşılaşıb. Paytaxt klubu bu oyunda çətinlik çəkmədən qalib gəlib – 86:69. Bu, bakılıların kubokda ardıcıl 2-ci qələbəsi olub. Ən məhsuldar basketbolçular "Xəzri"dən Cordan Perkins (20 xal, 9 ribaund), "Cəlilabad"dan isə Zaur Paşayev (21 xal, 6 assist) olub.

