Azərbaycan Cüdo Federasiyası (ACF) Gənclər və İdman Nazirliyinin keçirdiyi səsverməyə əsasən 2023-cü ilin idman federasiyalarından biri kimi mükafatlandırıldı.
Prosport.Az olaraq ACF-nin baş katibi Rəşad Rəsullu ilə 2023-cü ildə qurumun gördüyü işlərdən və problemlərdən danışdıq.
"100 min insanın cüdo ilə məşğul olmasına nail olmağımız yaxın zamanda real görünmür"
"Federasiya olaraq 2 əsas məqsədimiz olub: Cüdo idman növünün kütləviləşdirilməsi və qazanılan nəticələrlə Azərbaycanın beynəlxalq cüdo aləmində yerinin möhkəmləndirilməsi. Sırf kütləviləşdirilməyə 2023-cü ildə artıqlaması ilə nail olduq. Artıq 19 min insan cüdo ilə məşğul olur. İlin əvvəlində 1000 qız bu idman növü ilə məşğul olurdusa, indi onların sayı 2 mini keçib. Ancaq bu rəqəmlər də bizi tam qane etmir. Çünki ölkə əhalisinin cəmi 0,19%-i cüdo ilə məşğul olur. Bu, Fransada 1%-dir, yəni 60 milyon əhalinin 600 mini cüdodadır. Ancaq bizim 1%-ə, yəni 100 min insanın cüdo ilə məşğul olmasına nail olmağımız yaxın zamanda real görünmür. Yalnız 20 ilə bu nəticəyə gəlib çıxmaq olar.
Kütləviləşdirilmə üçün maddi-texniki bazanı gücləndiririk. Federasiya tərəfindən köhnə cüdo zallarını təmir etdiririk və ya yenilərini açırıq. Belə yeni 8 zal açılıb. İndiyədək 100-ə yaxın kluba Beynəlxalq Cüdo Federasiyasının (BCF) sertifikasiyasından keçmiş 5 mindən çox tatami paylanılıb".
"Orxan Səfərovla Rüstəm Orucovun artıq cüdoya baxışında da çox dəyişikliklər var"
"Ancaq əsas gördüyümüz önəmli işlər təhsil sahəsində olanlardır. BCF Akademiyası ilə birgə keçirdiyimiz məşqçi layihəsinə 165 məşqçi cəlb olunub. Bunlardan 65-i artıq sertifikat alıb. Fevralda və noyabrda keçirilən imtahandan sonra qalanları da sertifikat almaq imkanı əldə edəcək.
Orxan Səfərovla Rüstəm Orucovun Yaponiyada 1 aylıq təhsil kurslarında iştirakı onlar üçün böyük təcrübə oldu. Onların artıq cüdoya baxışında da çox dəyişikliklər var. Bunu verdikləri müsahibələrində də görürəm. Təhsil sahəsində işlərimizi davam etdirəcəyik".
"Cüdo üçün metodik vəsaitin hazırlanması üçün xarici ekspertə müraciət edəcəyik"
Ölkədə cüdonun tədris olunması üçün metodik vəsait yoxdur. Bu, çox böyük boşluqdur. Ona görə də məşqçilərin hərəsi öz bildiyi kimi məşq sistemini qurur. Öyrədilərkən fəndlərin ardıcıllığına riayət olunmalıdır. Federasiya olaraq bu sahədə iş görməyə başlamışıq. Çox güman ki, biz vəsaitin hazırlanması üçün xarici ekspertə müraciət edəcəyik. Bu sahədə Rusiya, Fransanın yaxşı mütəxəssisləri var. Həm Gənclər və İdman Nazirliyi, həm də Elm və Təhsil Nazirliyi ilə bu barədə ilkin müzakirələrimiz də olub. Burada təbii ki, yerli mütəxəssislərin də köməyinə ehtiyac olacaq. Bəlkə də bu məsələni 2024-cü ildə bitirə bilməyək. Bu vəsait Uşaq-Gənclər və İdman Məktəblərində keçiriləcəyindən, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmalıdır. Əminəm ki, nazirliklə birgə ortaya yaxşı bir iş qoyacağıq.
"Yeniyetmə və gənclərdən böyüklərə keçiddə nəticələrin zəif olmasının səbəbi texniki bazanın zəif olmasıdır"
"2023-cü ildə mərkəzləşdirilmiş kəmər imtahanlarına başladıq. Milli komandadakı yeniyetmə və gənclərdə nəticə verən cüdoçular böyüklərə keçəndə həmin nəticəni verə bilmir. Bunun ən böyük səbəblərindən biri uşaqların texniki bazasının zəif olmasıdır. Yeniyetmələrimiz adətən beynəlxalq yarışlarda fiziki güc hesabına qalib gələ bilir. Ancaq böyüklərdə texniki-taktiki fəndlərin sayını az bilməsi səbəbindən, rəqiblərinə uduzurlar. Kəmər imtahanlarını keçirməyimizin məqsədi də budur. Məsələn, qəhvəyi kəməri almaq üçün 100 texnikanı bilməlisən. Oktyabrda azyaşlı, yeniyetmə idmançılar üçün kəmər imtahanları keçirdik. Bu yəqin ki öz effektini 5-8 ilə verəcək.
Ən böyük problemlərdən biri də valideynlərin səbirsizliyidir. Onlar istəyir ki, 2 aya uşaqları cüdoda hamıdan güclü olsun. Amma belə deyil, bir az səbirli olmaq lazımdır. Hansısa uşağın cüdoda nəticəsi zəif olsa belə, öyrəndiyi texnikaları göstərib kəmər imtahanından keçərək kəmər ala bilər. Yəni bu uşaq cüdodan küsməyəcək. Bizim məqsədimiz tək idmançı yox, həm də layiqli vətəndaş yetişdirməkdir. Cüdonun fəlsəfəsi də budur. Bir insan istəsə, 10-cu dan kəmərə kimi gedib çıxa bilər. Hazırda 10-cu dan kəməri olan cüdoçuların nə olimpiya, nə də dünya çempionluğu var. Ancaq 10-cu dan hər şeydən yüksək sayılır. Onlar zala gələndə hamı ayağa qalxır".
"Kata üzrə hakim yetişdirməliyik"
"Həmçinin, kata üzrə ilk dəfə Azərbaycan çempionatı keçirməyi planlaşdırırıq. Bildiyiniz kimi, ilk dəfə kata üzrə Avropa və dünya çempionatında iştirak etdik. Onlar BCF Akademiyasından sertifikat almış 6 məşqçimiz idi. Belə desək, qeyri-rəsmi yığma komandamızın üzvləri idilər. Dekabrda Avropa Cüdo Birliyinin Kata üzrə Komissiyasının sədri, 7-ci dan Slavitsa Bradiç vasitəsilə Bakıda kata üzrə 2 gün seminar təşkil etdik. Kata üzrə yarışın keçirilməsi üçün hakimlərə də ehtiyacımız var. Çünki burda qiymətləndirmə sistemi tamam fərqlidir. Bu sahədə hakim də yetişdirməliyik.
Kütləviləşmədə sponsor dəstəkçimizlə birgə "Qızlara ağ yaraşır" layihəmizin də rolu böyük oldu. Bizim bu layihəmiz beynəlxalq səviyyədə Gürcüstanda, Özbəkistanda və İngiltərədə mükafata sahib çıxmışdı. Bu yaxınlarda isə “Epica Awards” festivalında 2 nominasiya üzrə mükafata sahib çıxdı. Həmçinin, ölkə daxilində də Milli Olimpiya Komitəsi və nazirlik tərəfindən bu layihə mükafata layiq görüldü. Bununla belə, oğlan cüdosundakı nailiyyəti qız cüdosunda təkrarlamaq istəyiriksə, qızlarda 2 min cüdoçu sayını azı 5 minə qaldırmalıyıq. Çünki say çox olmasa, istedadlı cüdoçuları seçim imkanın olmur. Qadınlarda 48, 52 və 57 kq çəki dərəcələrində kifayət qədər böyük rəqabət var. Deyərdim ki, bu baxımdan dünya səviyyəsinə yaxınlaşmaqdayıq. Ancaq digər 4 çəkidə problemlərimiz qalmaqdadır".
"Qeyri-rəsmi biz dünyanın ən yaxşı yeniyetmə komandasıyıq"
"Yeniyetmələrdə oğlan və qızları qeyd etməliyəm. Qeyri-rəsmi biz 2023-cü ildə dünyanın ən yaxşı yeniyetmə komandası hesab oluna bilərik. Çünki həm Avropa, həm dünya çempionatında medal əyarına görə 1-ci olduq. İlk dəfə qızlarda, 10 il sonra oğlanlarda dünya çempionumuz oldu. Bizi ən çox sevindirən məqam isə o idi ki, oğlanlarda, demək olar ki, bütün çəkilərdə medal üçün güləşirdik. Gənclərdə də belə oldu. Yeniyetmə oğlanlarımız ötən il görüşlərin 40%-ni "nevaza"da, yəni yerdə güləşdə qalib gəlib. Əvvəl bu bizdə çox aşağı idi. Bununla belə, yeniyetmə və gənclərdə əsas hədəfimiz medal qazanmaqdan çox, böyüklərdən ibarət komandaya ehtiyatı formalaşdırmaqdır. 2010-2020-ci illər aralığında Avropa çempionatlarında medal qazanan 58 cüdoçumuz olub. Onlardan yalnız 1 nəfər – Hidayət Heydərov böyüklərdə davamlı nəticə verə bilib. Bu 58 nəfərdən 40-ı 50, 55 və 60 kq-dadır. Onlar böyüklərdə 60 kq-da yığışır. O vaxt da 60 kq-ı Orxan Səfərov bağlamışdı. Onlar görür ki, Orxan Səfərovu keçmək olmur, idmanı atırlar. Halbuki, Orxanın nə yeniyetmə, nə də gənclərdə heç bir nəticəsi olmayıb".
"Çəkisi aşağı salınan uşaqlar heç bir yarışa getməyəcək, şəxsi məşqçilərə bu barədə bildirmişik"
"Bizdə digər idman növlərində də səhv yanaşma var, idmançılara çəki saldırırlar. Zatən böyüklərə gələndə minimum çəki dərəcəsi 60 kq olur, niyə çəkini aşağı salırsınız ki?! Məsələn, ötən il 66 kq çəki dərəcəsində Azərbaycan çempionatının qalibi heç bir beynəlxalq yarışa gedə bilmədi. Çünki yarışdan sonra çəkisi 2 ayın içərisində 73 kq-a, hətta 81-ə kimi qalxdı. Həmin çəkidə də başqa uşaqlar var və onlarla rəqabət apara bilmir. Biz ona çəkisini 66 kq-a salmağa icazə vermədik. Yaxşı olar ki, hazırlaşıb 73 kq-da mübarizə aparsın. Çəkini aşağı saldırmaq lazım deyil. Biz federasiya olaraq buna nəzarət edirik. Çəkisi aşağı salınan uşaqlar heç bir yarışa getməyəcək, şəxsi məşqçilərə bu barədə bildirmişik. Çünki 55 kq-da zəif olan idmançıların 50 kq-da qalib gəlmək imkanı olur, ona görə belə edirlər. Sonra bu uşaqlar böyüklərə keçəndə "yanır".
Müsahibənin böyüklərdən ibarət komandaya dair hissəsi ilə daha sonra tanış ola biləcəksiniz...