Azərbaycan Premyer Liqasında XXI turun növbəti oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, "Sumqayıt" yenilənmiş Mehdi Hüseynzadə adına şəhər stadionunda "Neftçi"ni qəbul edib. Dolu tribunalar qarşısında oynanılan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Gənclik şəhəri" təmsilçisinin heyətində hər iki qolun müəllifi Kazimir Ninqa olub. Çad millisinin hücumçusu əvvəlcə 8-ci dəqiqədə fərqlənib. 37-ci dəqiqədə ikinci dəfə qonaqların qapısına yol tapan afrikalı forvard dublunu rəsmiləşdirib. Oyunda don nöqtəni isə "ağ-qaralar" yarımmüdafiəçisi Filip Ozobiç qoyub. Xorvatiyalı oyunçu 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarını 34-ə çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib. 32 xalı olan "Neftçi" isə üçüncü sıraya geriləyib.
Günün son matçı saat 17:30-da Qəbələdə yerli komanda ilə "Zirə" arasında olacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib, "Sabah" isə evdə "Turan-Tovuz"la heç-heçə edib - 1:1. Tura fevralın 5-də keçiriləcək "Kəpəz" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq.

