"Düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək".
Prosport.Az xəbər verir ki, bunu "Sabah" komandasından ayrılan baş məşqçi Murad Musayev Rusiya mətbuatına açıqlamasında deyib.
Rusiyalı mütəxəssis son 2 mövsümdə paytaxt təmsilçisinin kifayət qədər parlaq oyun sərgilədiyini və yaxşı nəticələr qazandığını bildirib: "Komandanın çoxlu qələbələri olub. İndi həvəsi itirmişik. Çempionatda 3-cü sıradakı komanda ilə 5 xallıq fərqimiz var. Avrokuboklara vəsiqə əldə etmək və mövsümü yaxşı bitirmək üçün bütün şərtlər var. Bu, çətin qərardır. Amma düşündüm ki, hamıya fayda verəcək".
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabrından "Sabah"da işləyib. "Bayquşlar" onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının ötən mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

