“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya İtaliya A seriyasında çıxış edə bilər.
Prosport.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, Serbiyanın “Partizan” klubunun hücumçusu “Torino”nun maraq dairəsinə düşüb.
Turin klubu hücum xəttindəki boşluğu 24 yaşlı braziliyalı ilə doldurmaq niyyətindədir. Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi də ölkəsinin mətbuatına açıqlamasında Saldanya barədə müsbət fikirlər səsləndirib. Onu “Neftçi”nin heyətində bir neçə dəfə izlədiyini bildirən italiyalı mütəxəssis Serbiya çempionatında da yüksək performans sərgilədiyini vurğulayıb.
Qeyd edək ki, Mateus Saldanya ötən mövsümün 2-ci yarısını icarə əsasında “Neftçi”də keçirib. Daha sonra bu yay Yaponiyanın "CEF Yunayted" klubu onu 1.30 milyon avroya Serbiya nəhənginə satıb. Braziliyalı forvardın hazırda “Partizan”la müqavilə müddəti 2027-ci ilə qədərdir. Hazırda o, Serbiya çempionatında 14 qol vurub.

