Azərbaycanlı hakim Əliyar Ağayevin Serbiyanın paytaxtı Belqradda idarə etdiyi oyunda İngiltərənin “Mançester Siti” klubu səfər qələbəsi qazanıb.
Prosport.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi UEFA Çempionlar Liqasında qrup mərhələsinin son matçında Serbiyanın “Srvena Zvezda” komandasını səfərdə məğlub edib.
Belqradda reallaşan G qrupunun son tur qarşılaşmasında Pep Qvardiolanın başçılıq etdiyi kollektiv 3:2 hesablı qələbə qazanıb. Əliyar Ağayev bu görüşdə meydan sahiblərindən 3, qonaqlardan isə 1 oyunçuya sarı vərəqə göstərib. FIFA referisi 85-ci dəqiqədə serbiyalıların qapısına penalti təyin edib və bunun sayəsində ingilislər 3-cü qolu vurub.
Qeyd edək ki, ona bu matçda FIFA yan xətt hakimləri – Zeynal Zeynalov və Akif Əmirəli yardım edib. 4-cü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olub.

