Xorvatiya “Dinamo”sunun azarkeşləri azərbaycanlı futbolçu Mahir Emreliyə görə klub rəhbərliyindən narazıdır.
Prosport.Az xəbər verir ki, onlar yay fasiləsində heyətə cəlb olunan ön xətt oyunçularının ümidləri doğrultmadıqlarını düşünür.
Fanatlar xüsusən də baş məşqçi Sergey Yakiroviçin planlarına daxil olmayan Emrelinin əvəzinə mövsümün əvvəlində daha güclü hücumçu alına biləcəyini qeyd edir.
index.hr saytı azərbaycanlı forvardın az oyun şansı qazanmasına baxmayaraq, meydanda olduğu müddətdə keyfiyyətli iş ortaya qoyduğunu yazıb: “O, son 9 oyuna ehtiyatdan başlayıb, bunun 3-də meydana çıxmayıb. Az oynamaq imkanı qazansa da, qollarda birbaşa iştirak edə bilir və daha effektli olur”.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm “Dinamo”nun heyətində ümumilikdə 22 oyun keçirib, 5 qol vurub, 5 məhsuldar ötürmə verib.

