“Bu məğlubiyyət utancvericidir”.
Prosport.Az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Viktor Klason Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 2-ci hissəsində meydana çıxan "Kopenhagen"in 31 yaşlı yarımmüdafiəçisi təmsilçimizin daha motivasiyalı mübarizə apardığını bildirib: “İndiyə qədər beynəlxalq oyunlarda belə halla üzləşməmişdim. Azərbaycanlı futbolçular bütün duelləri, 2-ci topları qazandılar. Onlar bizdən daha motivasiyalı idi. Bu da nəticəyə təsir edən əsas amil oldu”.
Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan milliləri hazırda hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələri tutur. Seçmə mərhələnin son turunda yığmamız Belçikanın qonağı olacaq, skandinaviyalılar isə Estoniyanı qəbul edəcək. Hər iki matç noyabrın 19-da keçiriləcək.

