Azərbaycan Güləş Federasiyasında (AGF) veteran güləşçilərlə görüş təşkil edilib.
Prosport.Az xəbər verir ki, AGF-nin Güləş İrsi və İcması Komitəsinin təşəbbüsüylə keçirilən tədbirdə oktyabrın 6-11-də İordaniyada keçirilmiş veteranlar arasında dünya çempionatının iştirakçıları, eləcə də Azərbaycan güləş tarixində öz xidmətləri ilə iz qoymuş tanınmış veteran güləşçilər və məşqçilər iştirak ediblər.
Tədbirdə çıxış edən AGF-nin baş katibi Pərvin Piriyev dünya çempionatında uğurla çıxış edərək medal qazanan veteranları təbrik edib, onlara Azərbaycan güləşinin beynəlxalq arenada təmsil olunmasına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.
Görüşdə federasiyanın hazırkı fəaliyyət istiqamətləri, strateji hədəfləri, gələcək planları və Azərbaycan güləşinin inkişafına dair vizyonu diqqətə çatdırılıb. Veteran güləşçilərin zəngin təcrübəsinin və biliklərinin bu prosesdə əhəmiyyəti vurğulanıb, onların fikir və təkliflərinin federasiyanın gələcək fəaliyyətində nəzərə alınmasının vacibliyi qeyd edilib.
Güləş İrsi və İcması Komitəsinin sədri Elçin Cəfərov, dünya çempionatında medal qazanmış veteran güləşçilər, Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Rafiq Hacıyev, eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı çıxış edərək təkliflərini səsləndiriblər. Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, veteranların rəy və tövsiyələri dinlənilib.
Bu görüş Azərbaycan güləşinin zəngin ənənələrinin qorunması, nəsillər arasında əlaqələrin möhkəmləndirilməsi və veteranların idman ictimaiyyətinin həyatında fəal iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. AGF veteran güləşçilərlə dialoqun və əməkdaşlığın davamlı olmasına xüsusi önəm verir. Bu istiqamətdə belə görüşlərin mütəmadi təşkili, veteranların təcrübəsindən yararlanılması və onların Azərbaycan güləşinin inkişafı ilə bağlı təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur.
