Tanınmış ukraynalı mütəxəssis Miron Markeviç Kiyev “Dinamo”sunun baş məşqçisi olmaq təklifini qəbul etməyib.
Prosport.Az xəbər verir ki, bu barədə klubun sabiq çalışdırıcısı Yozef Sabo Ukrayna mətbuatına açıqlanasında məlumat verib.
Onun sözlərinə görə, Markeviçlə şəxsən danışıb və təcrübəli mütəxəssis “Dinamo”ya rəhbərlik etmək istəmədiyini bildirib. Sabo əlavə edib ki, Markeviç komandanın futbolçu potensialını yetərli hesab etmir və oyunçuların məşq prosesinə münasibətindən narazıdır.
Sabo həmçinin vurğulayıb ki, hazırda “Araz-Naxçıvan”a rəhbərlik edən Yuri Maksimov “Dinamo” üçün uyğun namizəd sayılır. Maksimovun “Araz-Naxçıvan”dakı fəaliyyətinin uğursuz getdiyini nəzərə alsaq, onun yaxın müddətdə Azərbaycandan ayrılaraq ölkəsinə qayıtması istisna edilmir.
Qeyd edək ki, Yuri Maksimov sentyabrın sonlarında “Araz-Naxçıvan”ın “sükanı arxasına” keçib.
