Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın gürcü əsilli cüdoçusu Uşanqi Kokauri (+100 kq) gümüş medal qazanıb.
Prosport.Az xəbər verir ki, o, finalda həmyerlisi olan gürcüstanlı İrakli Demetraşviliyə uduzub.
Eyni çəkidə yarışan Camal Həmzətxanov isə 1/8 finalda Saba İnaneşviliyə (Gürcüstan) məğlub olub.
Mədinə Kaisinova (+78 kq) isə 1/8 finalda İrişkon Qurbanbayevanı (Özbəkistan) məğlub edib. O, 1/4 finalda Xelena Vukoviçə (Xorvatiya) uduzub. Buna baxmayaraq təsəlliverici görüşə vəsiqə qazanan M.Kaisinova Roşel Nunyeşi (Portuqaliya) məğlub etsə də, bürünc medal uğrunda mübarizədə italiyalı Erika Smionettiyə uduzub.
Bununla da Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurub.
Qeyd edək ki, Azərbaycan cüdoçuları oktyabrın 29-da start verilən turnirdə indiyə qədər 4 mükafat qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə edib.
