Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında İngiltərə və İrlandiya millilərinin qarşılaşması irqçilik ittihamı səbəbindən yarımçıq dayandırılıb.
Prosport.Az BBC Sport-a istinadən xəbər verir ki, İngiltərə yığmasının futbolçuları rəqib komandanın oyunçularından birinin irqçi ifadə işlətdiyi iddiasından sonra meydanı tərk ediblər.
Hadisə oktyabrın 26-da C qrupunun matçının son dəqiqəsində baş verib. Bu zaman İrlandiya millisi 4:1 hesabı ilə öndə olub.
Hər iki komandanın futbolçuları arasında yaranan mübahisədən sonra İngiltərə yığmasının oyunçularından biri ehtiyat oyunçular skamyasına yaxınlaşaraq məşqçilər korpusuna şikayət edib. Futbolçu rəqib komandanın üzvünün ona qarşı irqçi ifadə işlətdiyini iddia edib.
DAZN platformasında yayımlanan görüntülərdə İngiltərə millisinin məşqçilərinin hadisə barədə baş hakimə məlumat verdiyi və futbolçularını meydandan çıxardıqları əks olunub.
