Özbəkistanın idman naziri Ədhəm İkramov və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Respublika Velotrekində olublar.
Prosport.Az xəbər verir ki, AZVİF-in prezidenti Zaur Axundov və federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov qonaqlara ölkəmizdə velosiped idmanının inkişafı istiqamətində görülən işlər, Respublika Velotrekində idmançıların hazırlanması üçün yaradılmış şərait barədə ətraflı məlumat veriblər.
Nazirlər Velotrekdə idmançıların məşq və hazırlıq imkanları, Velosiped Muzeyi, məşqçilərin və idmançıların qalması üçün nəzərdə tutulmuş minioteldəki şəraitlə yaxından tanış olublar. Burada məşq edən uşaqların hazırlıq prosesini də izləyən nazirlər gənc nəslin velosiped idmanına cəlb olunması, onların idman bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə peşəkar idmançı kimi yetişdirilməsi istiqamətində görülən işlərlə tanış olublar.
Qeyd edilib ki, müasir idman infrastrukturu velosiped idmanının kütləviliyinin artırılması, istedadlı uşaqların erkən yaşlardan aşkar edilməsi və onların peşəkar hazırlığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür idman obyektləri həm yüksək nəticələrə nail olmağı hədəfləyən idmançıların yetişdirilməsinə, həm də gənclər arasında sağlam həyat tərzinin təşviqinə xidmət edir.
Respublika Velotrekində yaradılmış şəraiti və idman infrastrukturunu yüksək qiymətləndirən Ədhəm İkramov Azərbaycan və Özbəkistan arasında idman əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb.
