"LANDAU Layns" basketbol klubunun baş məşqçisi Ərhan Tokər Azərbaycan Basketbol Liqasında "Sumqayıt" üzərində qazanılan inamlı qələbədən (96:67) sonra fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, mütəxəssis sıx qrafikə baxmayaraq komandasının yaxşı mübarizə apardığını vurğulayıb və rəqibin də artan dinamikasını qeyd edib:
"Uzun bir yol qət etdik, amma bu səfər komandamızın formalaşması baxımından çox faydalı oldu. Əslində, Danimarkada “Bakken Bearz” ilə matçda şanssızlıqla məğlub olmuşduq.
Bu oyuna gəlincə, “Sumqayıt” hər keçən gün daha da inkişaf edən kollektivdir. Bizə gəldikdə isə, avrokuboklardakı səfər matçlarından sonra ölkə çempionatının sıx qrafikində oynamaq asan olmur. Buna baxmayaraq, qarşılaşmaya ciddi hazırlaşmışdıq. İlk periodda orta səviyyəli oyun nümayiş etdirsək də, ikinci periodda müdafiədə sərtliyi artıraraq hesab fərqini yaratdıq. Basketbolçularımı qələbə münasibətilə təbrik edir, rəqibə də mübariz oyuna görə təşəkkür edirəm".
