“Sabah”ın 2 futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsində 3 turdan sonra ayrı-ayrı statistik göstəricilər üzrə liderlər sırasında qərarlaşıb.
Prosport.Az xəbər verir ki, UEFA-nın rəsmi statistikasına əsasən, Bakı təmsilçisinin qapıçısı Stas Pokatilov seyvlərin sayına görə 2-ci, müdafiəçi Akim Zedadka isə topa sahibliyin bərpası göstəricisi üzrə 3-cü yeri tutur.
Pokatilov 3 qarşılaşmada 18 seyvlə yadda qalıb. Bu göstəricidə onu yalnız Bratislava “Slovan”ının qapıçısı Dominik Takaç qabaqlayır. Slovakiyalı qolkiperin hesabında 20 seyv var.
Dortmund “Borussiya”sına qarşı son oyunda Pokatilov 7 dəfə komandasını qoldan xilas edib. Bununla belə, “Sabah” həmin görüşdə 1:2 hesabı ilə məğlub olub.
Komandanın digər futbolçusu Akim Zedadka isə topa sahibliyin bərpası üzrə 22 göstərici ilə 3-cü pillədə qərarlaşıb. Onu yalnız Dortmund “Borussiya”sının müdafiəçisi Valdemar Anton (25) və “Vilyarreal”ın futbolçusu Santyaqo Mourinyo (23) qabaqlayırlar.
Maraqlıdır ki, “Sabah” komanda statistikası üzrə də ön sıralardadır. Bakı klubu 46 uğurlu topalma ilə Çempionlar Liqasında 4-cü yeri bölüşür. Bu rəqəmlər Azərbaycan təmsilçisinin turnirin ilk 3 turunda müdafiədə böyük həcmdə iş gördüyünü göstərir.
