“Borussiya Dortmund”un futbolçuları UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah” ilə keçirilən oyundan sonra komandanın hücumçusu Seru Qirassinin çıxışını yüksək qiymətləndiriblər.
Prosport.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada Almaniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Dortmund klubunun hər iki qolunu Seru Qirassi vurub.
Komandanın qapıçısı Qreqor Kobel hücumçunun oyununu belə dəyərləndirib: “Seru əsl maşındır, onun haqqında bundan artıq heç nə deməyə ehtiyac yoxdur”.
Dortmund təmsilçisinin niderlandlı yarımmüdafiəçisi Coy Veerman da Qirassinin oyununu yüksək qiymətləndirib. Onun sözlərinə görə, rəqib müdafiəçilərin daim diqqətində olmasına baxmayaraq, hücumçu cinah ötürmələri zamanı böyük təhlükə yaradır: “Bizim üçün çox vacib hücumçudur”.
Qarşılaşmadan sonra Seru Girassi qələbənin komanda üçün əhəmiyyətini qeyd edib: “Son nəticələrdən sonra komandada əhval-ruhiyyə xeyli aşağı düşmüşdü. Buna görə bu qələbə bizim üçün çox vacib idi. Böyük komandanı fərqləndirən də budur: belə oyunlarda qalib gəlməyi bacarır”.
Qeyd edək ki, Seru Girassi 2024-cü ildə “Ştutqart” klubundan “Borussiya Dortmund”a keçib. O, həmin vaxtdan UEFA Çempionlar Liqasında 21 qol vurub.
