İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, A Seriyası təmsilçisi argentinalı mərkəz hücumçusu Santiaqo Kastronun transferini rəsmən açıqlayıb. 21 yaşlı forvardla 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
İtaliya mətbuatının yaydığı məlumata görə, "Roma" bu keçid üçün "Bolonya"ya 35 milyon avro ödəyəcək. Razılaşmada bonuslar və futbolçunun gələcək satışından faiz maddəsi də yer alıb.
Qeyd edək ki, Santiaqo Kastro 2024-cü ildən "Bolonya"nın formasını geyinirdi. O, klubun heyətində keçirdiyi 105 oyunda 22 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

