AFFA 2026/27 mövsümünə yeniliklə daxil olur.
Prosport.Az-ın xəbərinə görə, ilk dəfə Azərbaycan Premyer Liqası milyonların oynadığı "Fantazi" proqramında yer alacaq.
Bunun üçün AFFA-nın Skaut və Oyunçu İnkişafı Departamentinin əməkdaşı Ziya Əskərov tərəfindən "APL Fantasy" veb-saytı (aplfantasy.az) və mobil tətbiqi hazırlanıb. İyulun 31-də saat 10:00-da "Radisson Hotel"də bu layihənin təqdimatı olacaq.
Qeyd edək ki, İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası və FIFA-nın keçirdiyi dünya çempionatının "Fantazi"ni dünyada milyonlar oynayır. Bu oyunun qaydalarına əsasən, 11 nəfərlik start heyətə daxil etdiyiniz futbolçular çıxış etdiyi performansa əsasən, sizin turnirdən öncə yaratdığınız komandaya xal qazandırır.
Azərbaycan Premyer Liqasında hər tur yüksək nəticə göstərən 3 komanda AFFA tərəfindən mükafatlandırılacaq. Hər ay ən yaxşı nəticə göstərən 4 komanda da yaddan çıxmayacaq. Mövsümün sonunda 1-20-ci yeri tutan komandalar isə xüsusi mükafatla təltif ediləcək. Məsələn, 1-ci yeri tutmuş şəxsə A milli komandanın səfər oyununa 2 nəfərlik dəvət (səyahət və hotel xərcləri daxildir), A milli komandanın ev oyununa VIP sektora 2 bilet, "PlayStation 5", VIP AFFA Kit (termos, AFFA premium forma, AFFA hudi, fitnes saatı) + fərdiləşdirmə daxildir.

