Niderlandlı mütəxəssisdən Azərbaycan futbolunda yeni eksperiment növü
Bir söz var, Azərbaycan futbolunda son illər artıq öz mənasını itirib: İSLAHAT. Hə, razıyam, sözün özü yerində qalıb, amma içi ya boşalıb, ya da hər dəfə bir “hoqqabazlıqla” yenidən paketlənir.
İndi isə növbə sıradakı “modernləşmə modelinindir”. Nədir bu modernləşmə? Heç nə, yenə xaricdən bir mütəxəssis gətirilib, U-milli komandaların koordinasiyası hardasa ona tapşırılıb və bununla da milli futbol təsərrüfatında sistemin guya yeni dövrə keçdiyi elan olunub.
Haqqında bəhs elədiyimiz mütəxəssis təzəlikcə AFFA-ya yeni Texniki Direktor təyin olunub və bu adam elə bugünlərdə dünya çempionatının 1/16 finalında mərakeşlilərə uduzan Niderlanddan gətirilib. Edmond Klaus "Ayaks" və "Utrext" akademiyalarında işləyib, Niderland və Çində müxtəlif yaş qrupları üzrə milli komandalarda fəaliyyət göstərib. Danışırlar ki, bu təcrübə onun Azərbaycanda görəcəyi işlərə də mühüm töhfələr verəcək.
Federasiyanın yaydığı məlumatdan oxudum ki, o, gənclərin inkişafı, akademiya quruculuğu və idarəetməsi, təhsil və metodologiya, həmçinin skautinq sahəsində də geniş təcrübəyə malikdir.
Tamam e, məsələnin bu hissəsi ilə işim yoxdur.
Adamı heç mən də yaxından tanımıram, işinə hələlik bələd deyiləm, lakin bu qısa zamanda onun haqqında eşitdiyim bəzi məlumatlar indidən müəyyən mülahizələri götür-qoy etməyə əsaslar yaradır.
Bildiyimə görə, həmin bu niderlandıı 3-5 gündür tanıdığı, işinə bələd olduğu və çox razı qaldığı indiki məşqçi korpusuna "yeni qaydalara əsasən" sistemə CV yerləşdirmələrini rica edib. Nə baş verdiyini anlamaq istəməyən yerlilər israrla bundan imtina edirlər.
Hesab edirlər ki, UEFA-dan ən yüksək kateqoriyaları almış futbol mütəxəssislərindən CV təqdim etmək tələbi özlüyündə bir hörmətsizlikdir..
Məsələnin ən naqolay tərəfi budur ki, yerli məşqçilərimizi xaricilərin gözündən elə salırlar, gələnlər işin keyfiyyətindən təəccüblərini gizlədə bilməyəndə, deyirlər: bizə axı belə deməmişdilər, biz sizi iş başında daha fərqli tanıdıq və yaxşı mənada təəccübləndik!
Azərbaycanlı məşqçilərin guya heç nə bilmədikləri, guya futboldan başlarının çıxmadığı, guya bu işin onlarlıq olmadığı təəssüratını xaricdən dəvət olunan futbol mütəxəssislərinə inandırmaqda məsul qurumların "məsul işçilərinin", sizcə, nə marağı ola bilər?!
Halbuki xaricilər də gəlib öz gözləri ilə görürlər ki, hər şey doğru və yerində edilir, məşqlər düzgün verilir, yükləmələr qədərində, hər şey qaydasında, yeganə problem futbolçuların keyfiyyətsizliyidir, çox aşağı səviyyələrdə olmalarıdır, beynəlxalq standartlara cavab verməmələridir.
Bunun günahkarı isə klublardır!
Belə olduğu halda, israrla aşağı yaş qrupları üzrə milli komandalarda məşqçi korpusunun yenidən şəkilləndirilməsi guya nəyi dəyişəcək?!
Əlbəttə, heç nəyi, rusların sözü olmasın, daha da "kaşa-malaşa" olacaq.
Məsələ təkcə mütəxəssisin haradan gəldiyi, işini necə quracağı deyil. Məsələ ona hansı səlahiyyətlərin verilməsi, bu səlahiyyəti əldə rəhbər tutub işini hansı kriteriyalar əsasında qurmağa başlayacağı və ümumiyyətlə bu qədər səlahiyyətin bir adamda cəmlənməsinin hansı məntiqin məhsulu olmasıdır.
Deməli məlum olur ki, Edmond Klaus bir sıra çoxsaylı işlərlə bərabər həm də aşağı yaş qrupları üzrə (U-milli komandalar) milli komandalara məşqçi təyinatlarına da “nəzarət” edəcəkmiş. Hətta başlayıb belə!
Yəni futbol dili ilə desək, həm hakimi, həm VAR-ı, həm də start heyətini seçən bir struktur yaradılıb. Heyrətamiz bir tendensiya da başlayıb: aşağı yaş milli komandalara məşqçi korpusu seçilməsi indiyədək görülməmiş bir "kreativliklə" baş verəcək: məşqçilər CV ilə seçiləcək!
Bəli, bəli, düz eşitdiniz: CV ilə!
Futbolun, xüsusilə də milli komandalarla bağlı sistemin ən həssas sahələrindən biri olan məşqçi seçimi sanki Excel fayllarına, PDF sənədlərə və “LinkedIn optimizasiyası”na endirilib. Elə bil söhbət milli komandadan yox, beynəlxalq bir HR agentliyinin ofisindən gedir.
Ümumiyyətlə "CV" ilə milli komandalara məşqçi təyin etmək hansı ağlın məhsuludur? Adamdan soruşanda, çox sadə və qəribə izahı olub ki, bəs mən Azərbaycanda kimsəni tanımıram, bəs sən deməyəsən, bu meydanda kim var, kim yox, CV ilə tanıyacam.
Hərçənd işin içində maraqlı bir detal daha var: bir neçə etibarlı mənbədən dəqiqləşdirmişəm, aşağı yaş qrupları üzrə milli komandalarda mövcud milli məşqçi korpusu ilə bağlı xarici mütəxəssislərin müsbət rəyləri, iş prosesinə xüsusi simpatiyaları, hətta təqdirləri var. Həm U-20 komandasına gətirilmiş portuqal məşqçi, həm də bu günlərdə Niderlanddan dəvət olunmuş futbol adamı milli məşqçilərinin işlərini bəyəniblər, onlarla təcrübə mübadiləsi barədə razılıq olub.
Ancaq buna baxmayaraq, nə baş veribsə, milli məşqçi korpusunda olan yerli mütəxəssislərin üzərindən qalın bir xətt çəkilərək, “YENİDƏN BAŞLAMAQ” ideyası ortaya çıxıb.
Əlbəttə, burada artıq futbolda real inkişaf xətti tutmaq yox, yenidən eksperimentlərə başlamaq tablosu ortaya çıxır. Sanki milli komandalar yarışlara yox, “sınaq laboratoriyasına” hazırlanır.
Ən paradoksal məqam da budur ki, problem kimi təqdim edilən şeylər əslində problem deyil.
Hörmətli Edmond Klaus müəllim neçə müddətdir Bakıdadır və aşağı yaş milli komandalarda məşqçilərin işi ilə tanış olub, hətta bu məşqçi korpuslarının işini bəyənib. Aralarında dostlaşdıqları da var. İş belədirsə, üç-beş gündür birlikdə olduğun, hətta işlərini bəyəndiyin məşqçilərimiz barədə AFFA-ya bir müsbət rəy yazmaq kifayət edirdi ki, qarşılıqlı hörmət və ehtiram fonunda iş başlansın.
Adama deyərlər, nə quracaqsansa elə milli komandada işləmək praktikası və təcrübəsi olanlarla qur da. CV ilə milliyə məşqçi təyinatı haradan çıxdı? CV ilə gələn məşqçi ilə sən hansı inkişaf və uğur planı yaradacaqsan?
Belə baxanda bu, Azərbaycanda bəlli iş praktikası, təcrübəsi, səviyyəsi olan, hətta UEFA-nın "A" və "Pro" kateqoriyalarını almış illərin məşqçilərini, futbol mütəxəssislərini ələ salmaqdır, onları bir növ təhqir etməkdir.
Guya belə daha şəffaf və daha ədalətli olacaqmış!
Bu cümlə təkcə bir izah deyil e, eyni zamanda mövcud sınıq-salxaq futbol sisteminin acı etirafıdır. Çünki futbolun içində “tanınmamaq” problem deyil, heç problem olmamalıdır da. Əsl sıxıntı “birilərini tanımağa imkan verən ciddi bir sistemin olmaması”dır.
Hələ başqa bir xəbər də eşidib qulağım.
Deyirlər, məşqçilərin CV təqdim eləməklə işi bitməyəcək. "B", "A" və "PRO" kateqoriyası olan məşqçilərimiz əlavə olaraq fiziki planda sınaq məşqlər, təmrinlə verib, yenidən niderlandlı mütəxəssisin öz imtahanından keçməlidir. Kim özünü sübut eləsə Kluas əfəndi onu işə götürmək barədə düşünəcək.
Yəni illərlə əziyyət çəkdikdən, əmək verdikdən sonra, UEFA-dan aldığın kateqoriyaları apar tulla zibilliyə, əsas bu məşq proseslərindən uğurlu çıxmağına bax...
Təbii olaraq, bu vəziyyət yerli məşqçilərdə ciddi narazılığa səbəb olmaqdadır. Xüsusilə iş başında olan "B", "A" və "PRO" kateqoriyalı mütəxəssislər nə baş verdiyini anlamaqda çətinlik çəkirlər..
Belə çıxır ki, aidiyyatı qurumlar bizim yerli məşqçiləri, futbol mütəxəssislərimizi xaricilərə necə əcaib və əksik təqdim edirlərsə, nəticədə onlar da başqa çarə tapa bilmirlər, iş qalır CV tələb etməyə və özünü yenidəntəsdiqə!
Belə baxanda, ən asan olanı seçib niderlandlı mütəxəssis və bu mənada rahatdır: hərtərəfli fayda gətirə biləcək sistemi qurmaq əvəzinə, girişib CV yığmağa!
Sual da çox sadədir: CV ilə milli komanda məşqçisi seçmək hansı futbol məktəbinin, necə bir futbol zehniyyətinin məhsuludur?
"Ayaks" məktəbininmi, yoxsa "HR menecmentin modernləşdirilmiş futbol versiyasınınmı"?
İşin ən ironik tərəfi isə budur: bu ölkədə UEFA-nın verdiyi "B", “A” və “Pro” kateqoriyası olan, illərlə akademiya, klub və milli komandalar sistemində işləyən məşqçilər var. İnsanlar bu işi uzun illər boyu praktikada öyrənib, səhvlərilə, düzlərilə meydanda, məşqdə, oyun içində formalaşıblar.
İndi isə bu təcrübənin qarşısına yeni bir filtr qoyulur: CV uyğunluğu! Allah Allah! Sanki futbol bilikləri və təcrübəsi yox, “Corel Draw proqramında yığılmış layihənin dizayn keyfiyyəti” qiymətləndirilir.
Əlbəttə, kimsə qalxıb bizə bu sualı verə bilər: "Ümumiyyətlə, Azərbaycandakı məşqçilərin milli komandalar səviyyəsində qazandıqları hansısa uğur varmı?"
Yox, ciddi bir uğurumuz yoxdur, razıyam, amma uğurların olmamasının tək günahkarı milli komandaların məşqçiləridirmi? Milli komandaların məşqçiləri əllərinin altındakı uşaqları il ərzində neçə dəfə görə bilirlər ki, hələ bir uğursuzluqlarda onların ciddi payı olsun?! Milli komandaların yerli məşqçilərinə il boyu milliyə layiq olan uşaqlarla işləməkdən ötrü hansı şərait yaradılır? İntensivlik və davamlılıq nə yerdədi? Suallar çoxdur, cavablar bizdə deyil...
Bir də ki, axı bu sualların cavabları CV yığmaqla yox, sistemin iş prinsipləri və formatı ilə verilməlidir. Milli komandalardakı nəticəsizlik təkcə məşqçinin səviyyəsi ilə izah olunsaydı, onda dünya futbolunda hər il eyni 5-6 ölkə dominant olmazdı.
Balaca uşaq da bilir ki, problem daha dərindədir - əsasən də klubların akademiyalarından gələn "futbolçu materialında", hazırlıq sistemində, gündəlik məşq saatları, məşq ənənələri və məşq mədəniyyətində, qidalanmadan hər cür fiziki-psixoloji yüklənməyə qədər uzanan zəncirdə çox böyük boşluqlar var. Ən böyük boşluq isə budur: klublar akademiyalarında yetişmək istəyən istedadlı uşaqlara PUL XƏRCLƏMƏK İSTƏMİR, yaxud heç xərcləmirlər!
Bugünkü reallıq odur ki, U17, U19, U20 və U21 komandalarının məşqlərinə baxan hər kəs bir şeyi görür: müəyyən çərçivələrdə potensial var, amma sistemli inkişaf mexanizmi və bu mexanizmi təşkil edən detallar ya yerli-dibli yoxdur, ya da işləmir. İstedadlar var, amma onlara sistemli sahib çıxan yetişdirmə mexanizmi zəifdir.
Bu, yetişdirmə mexanizmi nə AFFA-ya, nə də milli komandalara aiddir. Əgər olacaqsa, bu mexanizm klublara aid olmalıdır. Qısa desək, futbolçu həmişə var, amma sistemin ələyindən keçib “beynəlxalq səviyyədə tam formalaşmış futbolçu” azdır, ya da heç yoxdur.
Və bu cür qəliz vəziyyətlərdə ən asan hədəf kim olur?
Təbii ki, aşağı yaş qrupları üzrə milli komandaların məşqçiləri və ona bu işdə kömək edən digər köməkçi məşqçilər. Onları hədəf taxtasına qoymağa nə var?!
Halbuki həmin məşqçilər əllərindəki məhdud və yetərsiz resurslarla minimum infrastruktur şəraitində maksimum məsuliyyətlə işləyib nəticə qazanmaq istəyir. Olur ki, epizodik uğular da qazanılır, lakin onlara mane olan səbəblər də "n" qədərdir.
İl ərzində bir və ya iki dəfə, onda da ikicə həftəlik bir araya toplanan milli oyunçulardan heç rəhmətlik dahi Yohan Kroyf qəbirdən qalxıb gəlsə, düz-əməlli komanda formalaşdıra bilməz..
Əslində isə, bu adamların işi bəzən nəticələrlə yox, mövcud imkanlarla ölçülməlidir. Yaradılmış şərait, önü açılmış imkanların fonunda nələrsə tələb oluna bilər, ancaq bundan artığını istəsək də olmur. Amma bizdə necə edirlər? Çox vaxt nəticə “səbəb” kimi təqdim olunur, əsl səbəblər isə dekorasiya kimi kənarda qalır.
İndi bütün bu kompleks sistemin üzərinə yeni bir mərhələ gəlib: “YENİDƏN SEÇİM PROSESİ”. Məşqçilərdən CV-lər toplanacaq, mütəxəssis onların işi ilə tanış olacaq, onları bir daha öz ələyindən keçirəcək, yalnız bundan sonra guya obyektivlik və ədalətlilik təmin olunacaq.
Əslində isə bu, milli futbolu idarəetmə sisteminin özünü inkar etməsindən başqa bir şey deyil.
Bir sözlə, problem məşqçi deyil, klublarda davamlı keyfiyyətli futbolçu "istehsal" edə bilən mexanizmin olmamasındadır. Problem taktika deyil, materialdır. Problem bilik deyil, bazadır.
Amma biz bazanı düzəltmək əvəzinə, bu işi çoxlarından yaxşı bilən, üzərində işləyib inkişaf etməyə meylli olan üstündəki "memarı" dəyişməyə çalışırıq.
Elə bil fundament çatlayıb deyə, binanın rəngini dəyişmək kimidir bu. Halbuki bina uçmaq üzrədir, rəng onu xilas edə bilməz! Nəticədə vəziyyət heç cür dəyişmir. Sadəcə, yeni insanlar gəlir, eyni problemləri daha “təzə CV formatında” izah etməyə, baş aldatmağa...
Azərbaycan futbolunun ən böyük tragikomik tərəfi də budur ki, hər dəfəsində səbəblər dəyişir, amma nəticə eyni qalır. Hər dəfə ümid edilir ki, bu dəfə “xaricdən gələn baxış”, "əcnəbi toxunuş" problemi həll edəcək. Halbuki xaricdən gələn baxış da yalnız mövcud sistemi görür, daha çox isə sistemin boşluqlarını və böhran idarəetməsi ən asan çıxış yoluna çevrilir.
Bəlkə də sual başqa cür qoyulmalıdır: biz həqiqətən problemi məşqçilərdə axtarırıq, yoxsa bütün bu problemləri idarə etmək daha rahat olduğu üçün, diqqəti ora yönəldirik?
Çünki bəzən problemi dəyişmək yox, problemi göstərmə tərzi dəyişərək çıxış yolu olur. Futbolumuzda ən təhlükəli “islahat” da elə budur.
Deyə bilərsiniz ki, Azərbaycandakı məşqçilərin milli komandalarda hansı uğurları olub? Azərbaycanda milli komandalarda işləyən məşqçilərin uğursuzluğu onların A və ya Pro kateqoriyalarını lazımi səviyyədə mənimsəmədiklərində, işlərini bilməmələrində deyil, uğursuzluğun səbəbləri cox dərindir və daha çox da klublarla bağlıdır.
Çünki klublardan milli komandaya çağırılan futbolçularda kifayət qədər təməl bacarıq və vərdişlər problemləri var. Doğru-düzgün qidalanmayan, vitaminizasiya prosesindən keçməyən, fiziki planda doğru yüklənməyən, futbolun adi təməl vərdişlərini tam mənimsəməmiş uşaqlardan hələ güclü bir yana dursun, ortabab milli düzəltmək çox qəliz məsələdir.
İnanmayan, gəlib U17-nin, U19-un, U-20-nin və U21-in məşqlərini izləyə və oradakı "materialları" görə bilərlər. Məşqçilər onlara ilboyu yaradılmış çox cüzi imkanlar, məhdud resurslar hesabına olsa da, kifayət qədər səviyyəli məşq prosesləri, təmrinlər, məşğələlər verirlər, bunu Avropadan gəlmiş futbol məşqçiləri və köməkçiləri də bir neçə dəfə görüb təqdir ediblər. Lakin nə olsun, öhdəsindən gələ bilmir uşaqlar...
Uzun sözün qısası, Azərbaycana beynəlxalq arenalarda uğurlar gətirə biləcək futbol materialının ya azlığı, ya da yerli-dibli yoxluğu ən böyük problemdir. Bunun da günahkarı milli komandaların məşqçiləri deyil.
Milli komandaların "A" və "Pro" kateqoriyalı məşqçiləri elə bilirsiz uğur qazanmaq istəmirlər? Hamıdan çox istəyirlər. Fəqət onlar nə etsinlər ki, ölkəmizin ən adlı-sanlı klublarının akademiyalarında, işlər çox səhv qurulduğundan, arzulanan səviyyədə futbolçu yetişə bilmir.
Bu sual da aktualdır: Azərbaycanda doğrudanmı istedadlı futbolçu yoxdur? Xeyr, var! İstedadlı uşaqlarımız var və həmişə də olub, olacaq. Sadəcə, istedadlı uşaqlarla ciddi surətdə maraqlanan yoxdur, belə bir sistem, belə bir mexanizm heç bir klubda qurulmayıb. İstedadlı uşaqlarımızın doğru yetişməsi üçün tələb olunan büdcələr ayrılmır.
Onlar nə ilə, necə, hansı periodda qidalanır, hansı vitaminləri qəbul edir, normal yata bilirlərmi, məşqə gəlib-gedənə kimi yollarda nə qədər zaman itirirlər, düzgün məşq keçilirmi, məşq saatları və məşq keyfiyyəti nə vəziyyətdədir, fiziki və psixoloji yüklənmələri hansı durumdadır - bütün bunlar Azərbaycan futbolunda ciddi bir boşluqdur.
Bax, indi mövcud problemləri həll etmək əvəzinə qalxıb Niderlanddan bir mütəxəssis gətirib CV ilə milli komandalara məşqçi yığmaq istəyirlər. Həm də deyirlər ki, təkcə CV verməklə də iş bitməyəcək. CV-si qəbul olunmuş mütəxəssisləri, təhsil diliylə danışsaq, bir növ yenidən attestasiyadan keçirəcək bu niderlandlı, yəni adamları tək-tək yoxlayacaq görsün bu adamlar məşq verə bilirmi, futbol biliyi və təcrübəsi nə qədərdir, ümumiyyətlə milli komandalara layiqdirlərmi və sair və ilaxır.
Heç nə, boş-boş zaman itkisi...
Halbuki bunun əvəzinə təcrübəli və kifayət qədər praktikası olan mövcud milli məşqçi korpusu ilə, amma bu dəfə daha müasir və adamın (Edmond Klausun) öz bildiyi hansısa uğur planı ilə başlamaq pis olmazdı?! Hazır məşqçi heyəti qala-qala təzədən CV ilə məşqçi axtarışına çıxmağa indi nə ad qoyasan? AFFA nə etmək istəyir bununla? Ondansa bu adamlara daha yaxşı şərait və imkanlar yaradılsa, daha doğru olmazmı?
İstəmirlər, çünki məqsəd futbolun inkişafı, milli komandaların uğur qazanması deyil.
İndi siz inanırsınızmı ki, "Ayaks"da işləmiş bu niderlandlının CV ilə seçdiyi yerli məşqçilər gedib Azərbaycanı Avropa və dünya çempionatı turnirlərinə çıxaracaq? Nə bilim vallah...
Yeni proses aşağı-yuxarı belə olacaq: UEFA-dan kateqoriya almış, lakin millilərdə işləmək təcrübəsi və praktikası olmayan, yaxud çox az olan məşqçilər Milli komandalarda işləmək həvəsiylə sistemə CV göndərəcəklər, hörmətli niderlandlı mütəxəssis də milli futbolda illərlə təcrübə və praktika qazanmış, az-çox bəlli səviyyələrdə uğurları olan mütəxəssislərin üzərindən xətt çəkib, naşı adamlarla yol getmək qərarı verəcək, beləcə Azərbaycan futbolu bir az da vaxt itirəcək, ortada da heç nə olmayacaq.
Birdəfəlik başa düşməliyik ki, Azərbaycanın U-milli komandalarının uğursuzluğunu dünənki, bugünkü və sabahkı məşqçilərlə, onların səviyyə, təcrübə, praktika problemi ilə əlaqələndirmək, yumşaq desək, bu məsələlərdən bixəbər qalmaqdır. Bu planda dərin problemlərin gizləndiyi yer akademiyalarda futbolçularını milliyə hazırlamalı olan klublardır, onların milli futbolumuz üçün yerli futbolçu yetişdirə bilməməsi, bu işdə o qədər də maraqlı olmamasıdır...
Rəşad Ağa Kərimbəyli

