"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın MOİK klubu ilə qolsuz heç-heçə edib.
Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- İlk dəqiqələrdən gərgin oyun idi. Çox yaxşı komandaya qarşı oynayırdıq. Birəbir mübarizələri yaxşı yerinə yetirən rəqib var idi. Baxımlı oyun alınmadı. Amma ümumən oyun hər iki komanda üçün tanışlıq idi. MOİK bir az bizi çətinliyə salırdı. Fərqli-frəqli sistemlərdə oynaya bilən komandadır. Bizim üçün xoş oldu. Səhvlərimiz oldu. Futbolçular ümumi oyun ritmindən çıxmadılar. Cavab matçı maraqlı olacaq. Daha da çox düşünmək lazım gələn oyun olacaq.
- Hava şəraiti oyuna təsirini göstərdi?
- Belə şərtlər hər iki komanda üçün eyni idi. Amma azarkeşlər üçün havanın sərin olması daha yaxşı olardı. Çox isti idi. Futbolçular belədə çox enerji itirirlər. Bəzən belə hallarda, bu cür birəbir oynayan komandaya qarşı istədiyini edə bilmirsən. Hava sərin olsaydı, daha baxımlı oyun olardı.
- Elvin Cəfərquliyev bu gün çox istəkli idi. Start heyətinə qayıtmaqla bağlı mesaj verir? Bruno Lanqanın zədəsi ciddidir?
- Mənim özüm də hələ əsas heyəti tam formalaşdırmamışam. Qarşıdakı günlərdə, qarşıdakı vaxtda bilinəcək. Elvin bu cür davam etsə, bəli...Yaxşı olacaqsa, niyə də start heyətinə qoymayım? İstər Elvin, istərsə də başqası. Dəyişikliklər get-gedə daha çox olacaq.
- Vaxtilə "Ludoqorets"ə evdə uduzsanız da, səfərdə onları 7:2 məğlub etmişdiniz. Bu, həmin "Qarabağ"dır?
- Rəqiblər həmişə fərqli olur, bizim də dəyişikliklərimiz olur. İstər heyət, istərsə də oyun baxımından... Futbol o qədər inkişaf edib ki, biz desək ki, Həmin "Qarabağ"ıq... Həmişə düşündüyümüzdən daha yaxşı "Qarabağ" olmalıyıq. Hamı bizə hörmətlə, hamı bizə fərqli gözlə yanaşır. Daha ciddi, daha məsuliyyətli olmalıyıq. Biz bunu hiss ediriksə, ancaq daha yaxşı olmalıyıq. Bizim fikrimiz, işimiz, niyyətimiz həmişə olduğumuzdan daha yaxşı olmaqdır. Ola bilər ki, bu gün alınsın, sabah alınmasın. Ancaq çalışmalıyıq ki, stabil nəticələrimiz olsun.
- Bolqar jurnalistlər MOİK-in baş məşqçisini heç-heçəyə görə təbrik edirdi. Sizin üçün bu heç-heçə nə deməkdir? Cavab oyununda sürpriz ola bilər?
- Səfərdə oynayırdılar. Evə sərfəli nəticə ilə dönürlər. Niyə də sevinməsinlər? Bəlkə də nəticədən çox komandanın göstərdiyi performansa görə sevinirdilər. Son vaxtlarda bildiyim qədərilə, komandadan narazılıq var idi. Amma bugünkü performansa görə razı qalıblar. Normaldır. Cavab oyunundakı nəticəyə gəldikdə, biz Sofiyaya qalibiyyət üçün gedəcəyik. Belə oyunlar elədir ki, sürpriz deyə, bəlkə bunu qəbul etmərəm. Çünki aşağı-yuxarı hər iki komandanın bacarığı eynidir. Hər ikisi də köklü komandadır, Avropa təcrübəsinə malik komandalardır. Biz hansısa lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun. MOİK-in də gücü var ki, bizim səviyyədə komandaya qalib gəlsinlər. Biz 100 faiz cavab oyununda daha diqqətli, daha səbirli oynamalıyıq. Çünki yaxşı məşqçiləri var, vaxtilə azarkeşlərin hörmət qoyduğu futbolçu olub. İndi də hər dəfə fərqli sistemlər oynadır, bu da onu göstərir ki, daim rəqibi analiz edir. Mən buna sürpriz kimi baxmıram. Bizim də gücümüz var ki, onlara qalib gələk. Onların da gücü var ki, bizə qalib gəlsin.
- Rəqiblər nə qədər güclü olsa belə, “Qarabağ” adətən oyunlar ərzində saysız-hesabsız qol epizodları yaradır. Bu gün o qədər də çox deyildi. Bu, yenilərin hələ adaptasiya prosesindən keçdiyini göstərir?
- Səbəblər çoxdur. Həm yeni kollektiv, həm ümum hazırlıq, həm rəqib... MOİK çox bərk rəqibdir, ələlxüsus da müdafiədə bacarıqlıdırlar. Çox sürətli əks-hücumları var. Birəbir müdafiə olunmaqdan həzz alırlar. Səbəblər çoxdur. Dəfələrlə demişəm ki, biz bəzi nüansları özümüzdə axtarmalı və yaxşılaşdırmalıyıq.

