DÇ-2026-nın finalında Argentina və İspaniya milliləri qarşılaşacaq. Lakin Cənubi Amerikada bir çox azarkeş bu dəfə Argentinanın deyil, İspaniyanın qələbəsini arzulayır.
Prosport.Az xəbər verir ki, bu barədə Fransa mətbuatı araşdırma edib. Sosial şəbəkələrdə Braziliya millisinin formasında təsvir olunan Lamin Yamalın fotosu geniş yayılıb. Şəkil "Braziliya xalqının ümidi" sözləri ilə paylaşılıb və bu, Argentinaya qarşı formalaşan münasibətin göstəricisi kimi qiymətləndirilib.
"Marca" nəşrinin keçirdiyi sorğunun nəticələrinə əsasən, Cənubi Amerika da daxil olmaqla müxtəlif qitələrdə azarkeşlərin əksəriyyəti finalda İspaniyanın qalib gəlməsini istəyir.
Kolumbiyalı sosioloq Erman Qomes hesab edir ki, bu münasibətin formalaşmasında sosial şəbəkələrdə yayılan məlumatlar mühüm rol oynayıb. Onun sözlərinə görə, bir çox azarkeş Argentinanın mundial ərzində FIFA və təşkilatın prezidenti Canni İnfantinonun dəstəyindən yararlandığını düşünür.
Turnir boyunca hakim qərarlarının Argentinanın xeyrinə verildiyini iddia edənlər olsa da, FIFA və hakimlik üzrə ekspertlər həmin qərarların doğru olduğunu bildiriblər.
Argentinanın imicinə təsir göstərən digər amillərdən biri isə irqçilik qalmaqalları olub. Xüsusilə DÇ-2022-dən sonra bəzi argentinalı futbolçuların Fransa millisinin qaradərili oyunçularına ünvanlanan irqçi məzmunlu mahnı oxuması geniş müzakirələrə səbəb olmuşdu.
Argentina millisinin kapitanı Lionel Messi isə səsləndirilən ittihamlara münasibət bildirərək bunları deyib:
"4 il əvvəl qarşımıza qoyduğumuz məqsədə çatdıq. Yenidən sübut etdik ki, heç kim bizə heç nə hədiyyə etmir. İstəsələr də, istəməsələr də belədir".

