Fransanın tarixi klublarından olan "Bordo" növbəti mövsümdən ölkə çempionatının altıncı divizionunda çıxış edəcək.
Prosport.Az "Daily Sport"a istinadən xəbər verir ki, Fransa Futbolunun Nəzarət və İdarəetmə Milli Direktorluğu (DNCG) klubun apellyasiya şikayətini rədd edib.
Məlumata əsasən, "Bordo" 2026/2027 mövsümü üçün tələb olunan maliyyə zəmanətlərini təqdim edə bilmədiyi üçün qurum klubun bütün milli yarışlardan kənarlaşdırılması barədə qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, "Bordo" son iki mövsümü Fransa futbolunun dördüncü divizionunda keçirib. Klub 2024-cü ildə də maliyyə problemləri səbəbindən aşağı liqaya göndərilmişdi.
Xatırladaq ki, "Bordo" Fransa çempionatının 6 qat çempionu olub və son çempionluğunu 2008/2009 mövsümündə qazanıb. Klub həmçinin 4 dəfə Fransa Kubokunun sahibi olub.

