"Real" qapıçılar üzrə məşqçi vəzifəsində dəyişiklik etməyə hazırlaşır.
Prosport.Az xəbər verir ki, "Marca"nın məlumatına görə, Luis Lyopis növbəti mövsümdən etibarən bu vəzifədə çalışmayacaq.
Mənbənin bildirdiyinə görə, onu daha əvvəl Joze Mourinyonun məşqçilər korpusunda yer almış Nunu Santuş əvəz edəcək.
Bununla yanaşı, Luis Lyopisin klubdan ayrılmayacağı və "Real"ın strukturunda başqa vəzifədə fəaliyyətini davam etdirəcəyi qeyd olunub.
Qeyd edək ki, Luis Lyopis ilk dəfə 2015–2018-ci illərdə "Real"da qapıçılar üzrə məşqçi kimi çalışıb. Daha sonra "Real Sosyedad"a keçən mütəxəssis 2021-ci ildə yenidən Madrid klubuna qayıdıb. Onun fəaliyyəti dövründə "Real" bir neçə dəfə UEFA Çempionlar Liqasının və İspaniya La Liqasının qalibi olub.

