İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışları başa çatıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyini 10 medalla başa vurub.
Turnirin üçüncü yarış günündə yığmamızın daha 3 üzvü fəxri kürsüyə yüksəlib. Ömər Axundov (-90 kq) finalda Litva təmsilçisi Tayus Babayçenkoya uduzaraq gümüş medal qazanıb. Ayxan Həsənli və Yaqub Məmmədov (hər ikisi -81 kq) isə bürünc medala sahib çıxıblar.
Bundan əvvəl Zəhra Quliyeva (-40 kq) və Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) və Sadiq Məmmədov (-73 kq) gümüş, İbrahim Talıbov (-55 kq), Könül Eyvazlı (-48 kq) və İlkin Qarayev (-66 kq) isə bürünc medal əldə etmişdilər.
Qeyd edək ki, Avropa çempionatının son günündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Çexiya yığması ilə üz-üzə gələcək.

