Kosovonun “Ballkani” klubu Monteneqro millisinin yarımmüdafiəçisi Edvin Kuçun transferini rəsmiləşdirib.
Prosport.Az xəbər verir ki, 32 yaşlı futbolçu sabiq komandasına qayıdıb. Kuç “Ballkani”nin son illərdəki ən uğurlu dövrünün əsas simalarından biri sayılır. O, klubda kapitan və lider kimi çıxış edib, komandanın ardıcıl 3 dəfə Kosovo çempionu olmasında mühüm rol oynayıb.
Təcrübəli yarımmüdafiəçi “Ballkani” ilə ölkə kuboku və Superkubokunda da uğur qazanıb. O, komandanın Konfrans Liqasındakı çıxışlarında da əsas fiqurlardan biri olub.
Qeyd edək ki, Edvin Kuç son olaraq Azərbaycanda "Neftçi” klubunda oynayıb. O, "ağ-qaralar"ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub.

