Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov San-Marinoya qarşı keçirdikləri yoldaşlıq oyunundan (2:1) sonra mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Futbolçulara təşəkkür etmək istəyirəm. İlk oyunda uduzmuşduq, bu gün qələbə arzulayırdıq. Toplanışda əsas məqsəd bütün heyəti iş başında görmək idi. Hansı təzyiqə hansı futbolçunun dözə biləcəyini bilmək vacibdir. Fikirləşdiyimiz şeyləri tətbiq etdik. Ən böyük problemimiz qol epizodlarını boşa verməyimizdir. Həm də standart vəziyyətdən qol buraxdıq. Bunlar yaralı yerlərimizdir. Oyunun tempi normal idi, hücumlar edirdik. Bu heyət ilk dəfə birlikdə oynayırdı. Bu gün nəticə də daha çox ön plana çıxırdı. Oyunun sonları hakim də xırda foullar verməyə başladı. Bundan sonrakı toplanışa qədər bizi düşündürəcək məqam futbolçuların klublarındakı durumlarıdır. Sıx qrafiklər olacaq.
– Millətlər Liqası oyunları öncəsi qol epizodlarından yararlana bilməmək sizi narahat edir?
– Çox. Amma bu gün Renat Dadaşova görə sevindim, qol vurdu. Hücumçuya qol lazımdır. 100%-lik epizodları qaçırmağımız problemdir. Son zərbələrdə, ötürmələrdə daha yaxşı olmalıyıq. Ümumi götürəndə komandanın oyunu ümid verir. Epizodlar yaradırıq. Vaxt var idi ki, deyirdik, nə vaxt hücum edəcəyik? Ancaq indi bunu edirik, sadəcə qol vurmaqda çətinlik yaşayırıq. İnşallah, problemi həll edərik.
– Nəriman Axundzadə və Mahir Emrelinin klublarında az şans qazanması oyuna təsirini göstərir. Bu matçlara qədər onlarla söhbət etmisinizmi?
– Tək onlar yox, bütün futbolçularla söhbərlərimiz olur. Nərimanın məşqə yanaşması yaxşıdır. O bunu oyuna keçirməlidir. Əlbəttə, onun üçün də çətindir. Real olaq, çox uzaq ölkəyə gedib, fərqli mədəniyyətdədir və orada oynamaq istəyir. Legionersənsə, ikiqat güclü olmalısan. Güclü olmasan, oynamayacaqsan. Mahir də durumun fərqindədir. Azərbaycanın ən yaxşı futbolçusudur, amma seçdiyi kluba diqqət etməlidir. Bu ili də boşa versə, çətin olacaq.
– Bu oyunlardan sonra vahid bir start heyəti formalaşdıra bildinizmi?
– Müəyyən suallar var idi ki, aydınlıq gətirmək istəyirdik. Bəhlul Mustafazadənin sağalması ilə müdafiəmiz daha möhkəm olacaq. Hücumda Musa Qurbanlı da var, indi bizimlə olmadı. Ceyhun Nuriyev, İsmayıl Zülfüqarlı zədəlidir. Rəhim Sadıxov da mühümdür, klubunda daim oynayır. Düşündüyümüz müəyyən heyət var.
– Komandanın intizamı barədə nə deyə bilərsiniz?
– Emil Səfərov klubunda da aqressiv oynayır. Birə-bir epizodlarda emosionaldır. Bunu onun əlindən ala bilmərik. Amma soyuqqanlı olmaq lazımdır. Millətlər Liqasında kobud oyun bizə çətinlik yaşada bilər. Ancaq futbolçularda adrenalin yüksək olanda özlərini idarə etməkdə çətinlik çəkirlər.
– Rza Cəfərov nə üçün oynamadı?
– Rzanı oyuna salmaq istəyirdik, amma matçın axarı fərqli oldu. Rza da bizi başa düşür, həmin anda qapıçı dəyişikliyinə gedə bilməzdik.
– Maraqlıdır, qol epizodlarını nə vaxt dəyərləndirəcəyik?
– Ukrayna ilə matçdan sonra da belə sual vermişdiniz. Bu dəfə deyirəm, inşallah, qol olacaq.
– Hücumlar qola çevrilmir. Standart vəziyyətlərdə də xüsusi nəsə etmək çətin olur. Hücuma fərqli aksent gətirməyi düşünürsünüz?
– İlk qolu standart vəziyyətdən vurduq. Statistikaya baxsanız, Premyer Liqada ən çox standart vəziyyətdən qol vuran komandanın baş məşqçisiyəm. Təəssüf ki, “Arsenal”da işləmirəm. Bura milli komandadır. “Şamaxı”da üslubumuza uyğun futbolçu axtarırıq. Amma milli komandada belə işlər çətindir. Müdafiəçilərimiz hücumda elə də effektiv deyil. Bu gün Cəlal Hüseynovun, Rəhman Daşdəmirovun, Renatın standartlarda faydalı işləri var. Özümüz bu işlərin öhdəsindən gələcəyik. Toplanışlarda bunun üzərində işləyirik. Bir günün işi deyil. İnşallah, bəhrəsini görəcəyik.

