Azərbaycan millisinin qapıçısı Emil Balayev Maltaya qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, qolkiper media nümayəndələri ilə görüşdə bunları deyib:
– Uzun müddət sonra milli komandaya qayıtdım. Bu, məni sevindirdi. Etimada görə təşəkkür edirəm. Fikirləşirəm ki, maraqlı oyun olacaq. Komandada yaxşı atmosfer var. Bakıda 3, burda da 4 gündür hazırlaşırıq. Ailə atmosferi var. Sabah maraqlı oyun olacağını düşünürəm.
– Sizi uşaqlıqdan tanıyıram. Zaman-zaman Şahruddin Məhəmmədəliyevlə rəqabətdə olmusunuz. İndi yenə eyni vaxtda bir komandadasınız. Darıxmışdınız?
– Bəli. Şahruddinlə həmişə bir-birimizi dəstəkləmişik. “Qarabağ”a təzə keçdiyim dönəmlərdə yığmada mən idim, klubda Şahruddin. O, mənə çox dəstək olub. Dostcasına rəqabət aparmışıq. Bu rəqabət üçün darıxmışdım. Şahruddinlə qardaş rəqabəti var.
– Rza Cəfərovla rəqabət necədir?
– Rza həm də “Neftçi”nin oyunçusudur, icarədən qayıdıb və birlikdə düşərgədə olacağıq. Onunla rəqabəti də görəcəyik.

