Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda daha 2 aparıcı şahmatçımız yarışla vidalaşıb.
Prosport.Az xəbər verir ki, III mərhələnin tay-brek görüşlərində Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ispaniyalı Xayme Santosla üz-üzə gəlib.
İlk partiya rəqibin uğurlu oyunu ilə yadda qalıb. Ağ fiqurlarla oynayan Rəcəbov məğlubiyyət acısı yaşayıb. 2-ci görüşdə tərəflər heç-heçə edib. Yekunda ümumi nəticəyə əsasən Santos 1/16 finala adlayıb. Rəcəbov isə yarışda iştirakını dayandırıb.
Azərbaycanın digər şahmatçısı Rauf Məmmədov da komanda yoldaşının aqibətini yaşayıb. O, FIDE adından çıxış edən Yan Nepomnyaşşiyə hər 2 oyunda uduzmaqla turnirlə vidalaşıb.
Nicat Abbasov isə niderlandlı Aniş Qirini üstələməklə növbəti mərhələyə vəsiqəni təmin edib. İlk rapid oyununda təcrübəli qrossmeyster qələbə qazansa da, Abbasov 2-ci qarşılaşmada hesabı bərabərləşdirib. İlk 2 blits partiyasında tərəflər heç-heçəyə razılaşıb – 0,5:0,5; 0,5:0,5. Növbəti blits partiyaları həlledici olub. 1-ci blits bərabərliklə başa çatsa da, növbəti oyun Abbasovun qələbəsi ilə yekunlaşıb. Azərbaycan şahmatçısı 1/16 finalda FIDE adından çıxış edən rusiyalı Pyotr Svidlerlə qarşılaşacaq.
Qeyd edək ki, bu gün Dünya Kubokunda istirahət günüdür.
