“Qarabağ”la başa çatan müqaviləsini yeniləməyən Emmanuel Addai klubsuz qalmayıb.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, qanalı hücumçu növbəti mövsüm karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Bir neçə klubun maraq dairəsində olan 24 yaşlı forvardla müqavilədə ən çox maraqlı olan komanda “Bolonya” idi. Bir müddətdir Addainin çıxışını yaxından izləyən A Seriyası təmsilçisi futbolçunun meneceri ilə danışıqları artıq müsbət yekunlaşdırıb. “Bolonya” rəhbərliyi yaxın müddətdə onunla münasibətləri rəsmiləşdirəcək və keçidi açıqlayacaq.
Qışda “Qarabağ”ın Addaini satmamasının səbəbi həm oyunçu sayının azlığı, həm də müştərilərinin hücumçuya görə transfer haqqı ödəmək istəməməsi idi. Qanalı azad agent olduqdan sonra isə “Bolonya” onu pul ödəmədən düşərgəsinə aparır.
Qeyd edək ki, “Bolonya” bu mövsüm A Seriyasında 8-ci yeri tutub. Addai isə “Qarabağ”a 2024-cü ildə İspaniyanın “Alkorkon” klubundan keçmişdi.

