"Sabah"ın futbolçusu İvan Lepinitsa bu mövsüm komandasının uğurlarında əsas pay sahiblərindən biri oldu. Xorvat futbolçunun mövsüm boyu göstərdiyi sabit performans bir çox klubun da diqqətini çəkib.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunu istəyən klublardan biri “Hayduk”dur.
Həmyerliləri Lepinitsanı bu mövsümkü performansına görə transfer siyahısına daxil edib. Split təmsilçisi yarımmüdafiəçinin keçidini həll etmək niyyətindədir.
İddiaya görə, futbolçu “Sabah”da qalmağa və bu klubla Çempionlar Liqasında iştirak etməyə daha çox fokuslanıb. Mövsümün sonunda “Hayduk”un “Sabah”a rəsmi müraciət edə biləcəyi gözlənilir. Lepinitsanın Azərbaycan çempionu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
İvan Lepinitsa daha əvvəl "Riyeka”, “Zadar”, “Arminiya" və "Slaven Belupo" klublarında çıxış edib və 2024-cü ildə "Sabah"a keçib.

