"Qarabağ”ın kapitanı Abdullah Zubir klub rəsmiləri və məşqçilərlə görüşüb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, fransalı vinger gələcəyi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.
34 yaşlı cinah yarımmüdafiəçisi Avropanın bir neçə ölkəsindən, o cümlədən, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən təkliflər aldığını bildirib.
Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 2018-ci ilin yayında “Lans“dan bura gəlmiş futbolçu kontraktı bitənədək ölkəmizdə qalmaq istədiyini, bu üzdən, aldığı bütün təklifləri geri çevirdiyini söyləyib.
O, özünün və ailəsinin Azərbaycanda yaşamaqdan məmnun olduğunu, ”Qarabağ”a ürəkdən bağlandıqlarını qeyd edib.
Qeyd edək ki, Zubirin bu yay komandasını dəyişəcəyi barədə Fransanın məşhur L Equipe nəşri məlumat yayıb. İddia olunub ki, vinger artıq Qətərdən “Al-Şahaniya” ilə müqavilə şərtlərini razılaşdırıb. Vurğulanıb ki, hazırda əsas məsələ futbolçunun transferinin detallarıdır.
Mərakeş əsilli legioner “Qarabağ”ın heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.

