Premyer Liqasında çempionluğun 1 addımlığında olan “Sabah”ın UEFA Çempionlar Liqasının növbəti mövsümündə potensial rəqibləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, yarışa I təsnifat mərhələsindən başlayacaq Bakı təmsilçisi püşkatma zamanı səpələnməmişlərdə yer alacaq.
Bir sözlə, “Sabah” çempion olsa, qitənin ən nüfuzlu klub turnirindəki ilk püşkatmasına zəiflərin səbətindən qoşulacaq. Artıq 6 mümkün rəqib bəllidir. Bunlar “Çelye” (Sloveniya), “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Linkoln” (Cəbəllüttariq), “Vikinqur” (İslandiya) və “Kayrat”dır (Qazaxıstan). Adıçəkilən komandaların hər biri I təsnifat mərhələsinin püşkü zamanı səpələnmişlərdə olacaq.
Yalnız Belarus klubu “Vitebsk” “Sabah”la eyni səbətdə yer alacaq. Əgər “Qarabağ” çempion olsa, o zaman “Vitebsk” Ağdam klubunun potensial rəqibi olacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 69 xalla turnir cədvəlinə başçılıq edən “Sabah” ən yaxın izləyicisi “Qarabağ”ı 10 xal qabaqlayır.

