“Sabah”ın ötən ilin avqustunda sıralarına qatdığı Velko Simiç “Qarabağ“ın yeni transfer siyahısında yer alıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu hücumameyilli yarımmüdafiəçi ilə yaxından maraqlanır.
"Köhlən atlar"a yaxın menecerlər serbiyalının müqavilə ilə məxsus olduğu "Sivasspor"la əlaqə saxlayıb. Onlar Türkiyə klubunun nümayəndələrindən balkanlı legionerin transfer qiymətini öyrəniblər.
"Bayquşlar"ın 1 illik icarəyə götürdüyü Simiç Premyer Liqanın geridə qalan bölümündə 11 qola imza atıb.O, bu göstəriciylə bombardirlər yarışında 2-ci yerdə gedir və yalnız komanda yoldaşı Coy-Lens Mikelsdən geri qalır.
“Sabah”da 21 nömrəli formada çıxış edən Velko Simiç cari mövsümün ən üzdə olan legionerlərindəndir. Valdas Dambrauskas “Omoniya“dan yaxşı tanıdığı orta sahə oyunçusunu bura gətirməklə komandanın gücünə əməlli güc qatıb.
Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib.
Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.

