Həftəsonu Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.
Prosport.Az xəbər verir ki, milli komandaların çıxışı ilə bağlı yaranmış fasilədən sonrakı ilk turu 2 futbolçu buraxmaq məcburiyyətində qalacaq.
Qarşıdakı turda “Turan Tovuz”u qəbul edəcək “İmişli” Luis Silvestrin xidmətindən məhrum olacaq. Buna səbəb braziliyalı yarımmüdafiəçinin passivində 4 sarı vərəqənin olmasıdır.
“Zirə”nin qonağı olacaq “Şamaxı” isə daha ciddi itki ilə üzləşib. Portuqaliyalı qolkiper Rikardu Fernandeş əvvəlki turda 4-cü sarı vərəqəsini aldığı üçün Bakı səfərində çərçivədəki yerini tuta bilməyəcək.
Qeyd edək ki, “İmişli” – “Turan Tovuz” və “Zirə” – “Şamaxı” oyunları aprelin 7-də keçiriləcək.

