Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Prosport.Az xəbər verir ki, günün 2-cici matçında "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı heç-heçə bitib -2:2. "Bayquşlar"ın qollarını 31 və 62-ci dəqiqələrdə Timoteuş Puxaç vurub. Meydan sahiblərindən İsmael Akinade 88-ci və 90-cı dəqiqələrdə adını tabloya yazdırıb. Adriel Ba Loua 48-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
İlk görüş qolsuz başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. 104-cü dəqiqədə qonaqlardan Coy-Lens Mikels, 115-ci dəqiqədə "qırmızı-qaralar"dan Nuğay Rəşidov qol vurduğu üçün penaltilər seriyası olub.
11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (4:2) "Sabah" yarımfinalda "Qarabağ"ın rəqibi olub.
Günün ilk oyununda "Kəpəz"i məğlub edən (2:0) "Turan Tovuz" yarımfinala yüksəlib. Tovuz təmsilçisi finala gedən yolda "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək.

