"Hesab 2:0 olarkən "Qarabağ"ın müdafiə xəttini keçməkdə çətinlik çəkirdik".
Prosport.Az xəbər verir ki, bu sözləri "Nyukasl"ın baş məşqçisi Edi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsind' "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbəni belə şərh edib: "1/8 finala yüksəlmək bizim üçün tarixi uğurdur. İdeal oyun sərgilədiyimizi deməzdim. Görünür, əsas çətinliyimiz görüşün əvvəlində hesabı 2:0 etməyimizdən sonra yarandı. Daha çox qol vurmaq üçün lazımi istəyi və aqressiyanı göstərə bilmədik. 2-ci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atılırdı".
O, qitənin ən nüfuzlu klub turnirində böyük təcrübə qazandıqlarını bildirib: "Çempionlar Liqası bizim üçün möhtəşəm təcrübədir. Hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

