“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu Ağdam klubuna qayıtmaq arzusundadır.
Prosport.Az saytı xəbər verir ki, bunu cənubi afrikalı hücumçu telecomasia.net saytına müsahibəsində deyib.
Hazırda Türkiyədə I divizion klubu “Boluspor”un formasını geyinən 33 yaşlı forvard karyerasının sonlarında yenidən Azərbaycan çempionunda çıxış etmək arzusunda olduğunu gizlətməyib:
“Qarabağ” məni qaytarmaq üçün nə etməli olduğunu bilir. Əlbəttə ki, Azərbaycan klubuna qayıdıb, orada daha 1-2 mövsüm oynamaq istəyərəm. Hər iki tərəf layihəyə sərmayə qoymalı və ona vicdanla inanmalıdır”.
Ndlovu Ağdam klubu ilə bağlı gözəl xatirələrinin olduğunu əlavə edib: “Qarabağ”ın ürəyimdə xüsusi yeri var. Çünki əksər futbolçuların karyeraları boyu edə bilmədiklərini orada reallaşdırmışam. Bu, Azərbaycan klubu ilə Çempionlar Liqasının qrupunda iştirak etməklə tarix yazmaqdır”.
Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin yayından 2017-ci ilin sonunadək “Qarabağ”ın şərəfini qoruyub. Onun “Boluspor”la müqavilə müddəti gələn ilin yayına qədərdir.

