ABŞ-ın "Kolambus Kru" komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. O, beynəlxalq transfer sertifikatı və viza aldıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.
"Qarabağ" da gənc forvardla yolların ayrıldığını rəsmən açıqlayıb. Bildirilib ki, ABŞ təmsilçisi ilə danışıqlar yekunlaşıb, Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub. "Transfermarkt"a əsasən, "Qarabağ" bu keçiddən 2,5 milyon avro qazanıb.
Qeyd edək ki, Nəriman Axundzadə Premyer Liqada 84 oyunda 24 qol vurub. O, "Qarabağ"ın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə Kubokun qalibi olub. Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış futbolçu əsas millinin heyətində 13 matç keçirib.

