"Qarabağ” 2025/26 mövsümünün ikinci hissəsinin hazırlığına start verib.
Prosport.Az xəbər verir ki, bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələn komanda 2026-cı ilin ilk məşqini keçirib.
Komandanın hazırlıq planının 2-ci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Komanda həmin müddətdə təlim-məşq toplanışını davam etdirəcək.
Toplanış çərçivəsində “Qarabağ” 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.

