“Sabah”da icarə əsasında oynayan Umarali Raxmonaliyev müqavilə ilə məxsus olduğu “Rubin”ə geri qayıda bilər.
Prosport.Az xəbər verir ki, Rusiyanın "Sport-Express" nəşri özbək dayaq yarımmüdafiəçisini bu qış “transfer pəncərəsi” zamanı klubu potensial gücləndirəcək oyunçular sırasında qeyd edib.
Raxmonaliyev ötən ilin 28 yanvarında "bayquşlar"a icarə əsasında keçib. Tərəflər arasında bağlanmış 1 illik müqavilə dünən başa çatıb. "Sabah" da 22 yaşlı futbolçunun müqavilə müddətini artırmaq üçün "Rubin"lə danışıqlar aparır.
Qeyd edək ki, Umarali Raxmonaliyev "Rubin"ə 2023-cü ildə "Bunyodkor"dan keçib. O, "Sabah"la Azərbaycan Premyer Liqasında 15 oyun keçirib və 2 qol vurub.
