“Neftçi”nin qış fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.
Prosport.Az Ukrayna mətbuatına istinadla xəbər verir ki, paytaxt təmsilçisi “Polesye”də çıxış edən müdafiəçi Daniil Beskorovaynı ilə maraqlanır. “Ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub 2023-2024-cü illər mövsümündə “Krivbass”da birlikdə çalışdığı futbolçunu yenidən sərəncamında görmək istəyir. İddiaya görə, Ukrayna klubu da müəyyən təzminat məbləği qarşılığında oyunçusunu buraxmağa hazırdır.
Qeyd edək ki, Daniil Beskorovaynı bu mövsüm zədə səbəbindən cəmi 4 matçda meydana çıxıb. 26 yaşlı müdafiəçi Litva, Slovakiya və Qazaxıstanda legioner həyatı yaşayıb.
