"Kəpəz"in yarımmüdafiəçisi Şakir Seyidov legioner həyatı yaşamağa yaxındır.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçuya Almaniyadan təklif var. Klubun adı məlum olsa da, konfidensiallıq səbəbindən açıqlanmır.
2-ci Bundesliqa təmsilçisi Seyidov üçün 2 illik rəsmi təklif göndərib. Tərəflər arasında aktiv danışıqlar gedir.
Gənclər millimizin sabiq üzvünün ölkə xaricinə yollanması an məsələsidir.
Düzdür, oyunçunun "Kəpəz"lə qüvvədə olan müqaviləsi var. Amma Gəncə klubu yarımmüdafiəçinin gedişinə problem yaratmayacaq.
Futbolçu bu mövsüm 14 matçda meydanda olub. O, daha əvvəl ölkəmizdə "Sabah" və "Turan Tovuz"un, Latviyada isə “Dauqavpils”in uğurları üçün tər töküb.
Millimizin hücumçusu Mahir Emreli də ötən ildən 2-ci Bundesliqada çıxış edir. Hazırda "Kayzerslautern"də forma geyinən hücumçu daha əvvəl "Nürnberq"in şərəfini qoruyub.

