UEFA Çempionlar Liqasının Liqa mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq “Ayaks” Bakıya ciddi itkilərlə gəlib.
Prosport.Az xəbər verir ki, Niderland klubu səfər qarşılaşmasında 6 futbolçusunun xidmətindən məhrum olacaq.
Niderland çempionatının ötən turunda “Fortuna” ilə görüşdə zədələnən hücumçu Vout Veqhorst matçın iştirak ərizəsinə salınmayıb. Həmçinin müdafiəçilər Yosip Şutalo, Xerald Alders, yarımmüdafiəçilər Kennet Teylor, Ceyms Makkonnel və Stiven Berquis də zədə səbəbindən Bakıya gətirilməyiblər.
Əvəzində hücumçu Kasper Dolberq artıq kollektivlə birgədir. 18 yaşlı müdafiəçi Milo van der Lans da “23-lüy”ə salınıb.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 21:45-də başlayacaq.
