Milli komandanın son oyunları daha bir kluba ziyan vurub. “Sabah”ın yarımmüdafiəçisi Abdulla Xaybullayev klubun düşərgəsinə zədəli halda qayıdıb.
Prosport.Az xəbər verir ki, İslandiya (0:2) və Fransaya (1:3) qarşı oyunlar üçün yığmanın düşərgəsinə yollanan oyunçu zədə alıb. O, tezliklə MRT müayinəsindən keçəcək və hansı müddətə sıradan çıxdığı aydınlaşacaq.
Xatırladaq ki, yığmanın son oyunları “Qarabağ”ın 2 oyunçusu üçün xoşagəlməz sonluqla yekunlaşmışdı. Toral Bayramov İslandiya ilə matçda zədələnərək Fransaya qarşı görüşü buraxmışdı. Şahruddin Məhəmmədəliyev isə iynə ilə oynadığı fransızlarla görüşün fasiləsində əvəzlənmişdi. Toral hazırlıqlara qayıdıbsa, Şahruddinin 2-3 aylıq sıradan çıxması dəqiqdir.
