İngiltərənin “Çelsi” komandası Çempionlar Liqasının əsas mərhələsinin IV turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlıqlarına başlayıb.
Prosprort.Az xəbər verir ki, komanda Kobhemdə yerləşən bazasında məşq edir.
London klubunun saytı qarşıdakı matçla bağlı bunları yazıb: "Növbəti gərgin həftə başlayır - komanda diqqətini çərşənbə günü keçiriləcək Çempionlar Liqası oyununa yönəldib. Baş məşqçi Enzo Mareska “Qarabağ”la qarşılaşma yaxınlaşarkən “zadəganlar”ı ciddi şəkildə məşqə cəlb edib.
Şənbə axşamı “Tottenhem” üzərində 1:0 hesablı qələbədən sonra komanda ruh yüksəkliyi ilə Azərbaycana yollanacaq. Qələbə qolunu Moyses Kaysedonun ötürməsini dəqiq tamamlayan Joa Pedro vurmuşdu.
Hər iki futbolçu bu məşqdə də iştirak edib. Onlarla yanaşı Andre Santos, Fakundo Buenanotte, Ceymi Gittens və Tayrik Corc da məşqdə görüntülənib. Müdafiəçilər Jorrel Hato və Tosin Adarabioyo da hazırlıqda olub”.
Qeyd edək ki, “Çelsi” günün ikinci yarısında Bakıya yollanacaq. Onlar Azərbaycan paytaxtına gecə saatlarında çatacaqlar. “Qarabağ” - “Çelsi” oyunu isə noyabrın 5-i saat 21:45-də başlanacaq.
