"Neftçi" və "Sabah"ın sabiq qapıçısı, hazırda Serbiyanın "Mladost" klubunda çıxış edən qapıçı Saşa Stamenkoviçlə görüşüm maraqlı alındı. Serbiyada keçirilən U-15 Məktəb İdmanı Oyunları – Gimnaziadanın güləş və cüdo yarışları məhz onun komandası "Mlodost"un təmsil etdiyi Luçani şəhərində baş tuturdu.
Cüdo yarışlarında olarkən vaxt tapıb yaxınlıqda yerləşən "Mladost"un stadionuna yollandım. Həmin gün Novi Sad şəhərinə "Voyvodina" ilə oyuna yollanmalı olan Stamenkoviç müsahibəyə sevə-sevə razılaşdı.
"Neftçi" ilə 2 dəfə Azərbaycan çempionu və ölkə Kubokunun qalibi olmuş Saşa Stamenkoviçin Prosport.Az saytına verdiyi həmin müsahibəni təqdim edirik:
– "Mladost"da işləriniz necə gedir?
– İlk növbədə sizə təşəkkür edirəm ki, Serbiyada olarkən məni görməyə gəldiniz. Həmişə istər futbolçu olsun, istərsə də başqa sahənin adamı olsun, əgər o Azərbaycandandırsa, onunla görüşməyə şad oluram. Komanda 5-ci yerdə gedir (müsahibə götürülərkən belə idi – S.M.). Hədəfimiz pley-off mərhələsi idi. Ambisiyamız avrokuboklardır (hazırda komanda 47 xalla 8-cidir və sona 1 tur qalmış avrokuboklar şansını itirib – S.M.). "8-liy"ə düşmək çətin idi, çünki klubun büdcəsi aşağıdır...
– Heyətinizə də baxmışdım. Cəmi 3 legioner oynayır...
– Bəli. Komandamız nəinki Serbiyada, bütün Avropada ən yaşlı heyətə malikdir. 12-13 futbolçu var ki, yaşı 35-dən yuxarıdır. Ən yaşlısı mənəm, 40 yaşım var. Məndən 10 gün kiçik bir futbolçumuz da var (Monteneqrodan olan kapitan Yanko Tumbaşeviçi nəzərdə tutur – S.M.). Ancaq limitə görə 2 gənc futbolçunu da meydana buraxırıq. "Mladost"dan "Mançester Siti"yə, "Stok Siti"yə gedən olub. 2 milyona "Srvena Zvezda"ya transfer olunan futbolçu da buradan gedib.
– Artıq 40 yaşınız var. Davam, ya tamam?
– Serbiya çempionatında hazırda ən yaxşı qapıçı sayılıram. Dünyada uğurlu çıxış statistikasına görə 61-ci qolkiperəm. Ona görə də hələ davam etmək istəyirəm. Düzdür, müqaviləmin müddəti başa çatır. Ancaq müqavilə təklifim var. Bu yaşda 2-3 illik müqavilə təklifi mənə və işimə qoyulan ən yaxşı hörmətdir.
– Dediniz ki, karyeranızı davam etdirmək istəyirsiniz. Bitirdikdən sonra nə iş görməyi planlaşdırmısınız?
– Mən UEFA məşqçilik lisenziyası almışam. Ona görə də düşünürəm ki, karyeramı bitirdikdən sonra da futbolda qalacağam. Bilmirəm, sabah nə necə olacaq. Ancaq məşqçi kimi gələcək futbolçulara bildiklərimi öyrətmək istəyirəm.
– Azərbaycan çempionatını və millimizin oyunlarını izləyirsiniz?
– Açığı, son vaxtlar az futbola baxıram. Hətta Çempionlar Liqası, Avropa Liqası kimi turnirlərdəki oyunları izləmirəm. Yalnız əvvəl oynadığım komandaların oyunlarını izləyirəm. Sirr deyil ki, hər yerdə çempionatın səviyyəsi aşağı düşüb. "Neftçi" və "Sabah"ın 10 komandalı çempionatda 5-6-cı yerlərdə olması biabırçılıqdır.
– Düşünürsünüz ki, sizin oynadığınız dövrlə müqayisədə Azərbaycan çempionatının səviyyəsi kifayət qədər düşüb?
– Belə düşünmürəm. Bu dəqiq belədir. Azərbaycan çempionatı əvvəl daha güclü idi. Onda "Qəbələ", "Xəzər Lənkəran", "Simurq", "İnter" kimi güclü komandalar vardı. Həmin vaxt istənilən komanda digərindən xal ala bilərdi. İndi isə "Qarabağ"ın rəqibləri ilə oynayanda hansı nəticənin olacağını, hətta hesabın hansı formada olacağını təsəvvür etmək olur.
– Bir az o dövrə qayıdaq. 4 mövsüm oynadığınız "Neftçi"də sizin üçün hər şey yaxşı idi, 2 dəfə çempion olmuşdunuz. Niyə oranı tərk etdiniz?
– Onda maliyyə ilə bağlı bir az problemlər yaranmışdı. Ancaq mən o şərtlərlə də qalmağa razı idim. Çünki "Neftçi" 4 mövsümdə mənim üçün çox şey etmişdi, mən özüm də komanda üçün çox şey vermişdim. "Neftçi"nin UEFA Avropa Liqasının qrup mərhələsində oynaması, Azərbaycan çempionu olması və ölkə Kubokunu qazanması ən yaxşı vaxtları idi. Komandada dəyişiklik edilməli oldu. Yadımdadır ki, 12 legionerdən cəmi 2 nəfər qaldı. Biri Erik Ramos idi, digərinin adını xatırlamıram. Klub mənə müqavilə təklif etmədi. Niyə belə oldu? Qəsdən edildi, ya yox, bilmirəm. Ancaq komanda ondan sonra aşağı səviyyəyə düşdü. Bununla belə, "Neftçi" adına görə böyük komandadır və mənim üçün doğmadır.
– "Neftçi"ni tərk edərkən kiməsə kubok və məktub hədiyyə etmişdiniz. Bunu kimə verdiyinizi xatırlayırsınız?
– (düşünür)... Həə, Sadıq Sadıqova vermişdim. Mən oynadığım 20 il ərzində bir çox klub rəhbərləri ilə işləmişəm. Ancaq onun kimi lider klub prezidenti heç vaxt görməmişəm. O bizə Bakıda özümüzü əcnəbi, legioner kimi hiss etməyə imkan vermirdi. İstənilən vaxt ona zəng edib problemimizi həll etdirə bilərdik. Ona görə də Bakıda qaldığım evdə özümü həmişə yerli sakin kimi hiss edirdim. Bu gün də "Neftçi"yə onun liderliyi çatışmır. Hətta o vaxt Sadıq Sadıqov "Neftçi"də qalsaydı, mən onun üçün pulsuz da oynamağa hazır idim.
– 2012-ci ildə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Hapoel" (Kiryat Şmona) ilə oyununda qəflətən Rauf Mehdiyev oynadıldı, siz ehtiyatda qaldınız. Halbuki hamı sizin oynadılacağınızı düşünürdü. O zaman nə baş vermişdi?
– Düşünürəm ki, həmin vaxt Rauf Mehdiyev bir az məndən daha təcrübəli idi. Bu səbəbdən həmin matçda ona şans verildi. Mən həmişə kollektivin bir hissəsi olmuşam. Peşəkar insan kimi ehtiyatda qalmağı da bacarmışam. Səhv qərar idi, ya düz idi, bilmirəm. Ancaq kimin qapıda dayanmasından asılı olmayaraq, hamı "Neftçi"nin uğuru üçün çalışırdı.
– Xatırlayıram ki, 5 il əvvəl Azərbaycanda oynayarkən azərbaycanlı jurnalist üçün də maddi köməklik etmisiniz. Hardan eşitmişdiniz ki, ona kömək etmək lazımdır? Bu haqda da danışardınız...
– Sizə bir sirr açım. Əgər etdiyin yaxşılıqları açıqlamırsansa, Allah sənə onun əvəzini qaytarır. Eşidəndə ki onun həyatı üçün ciddi təhlükə var, köməklik etməyə çalışdım. Ona köməyim dəydisə, bundan çox məmnunam. "Srvena Zvezda"dada oynayarkən jurnalist dünyasını dəyişəndə, onun ailəsinin yanında olmuşdum. İnsanın jurnalist olması önəmli deyil, ona yardım lazımdırsa, mən həmişə kömək etməyə çalışmışam.
– Hazırda Aleksandar Mitroviçlə münasibətləriniz necədir? 2012-ci ildə Avropa Liqasının qrup mərhələsində "Partizan"la oynayarkən dalaşdığınız bu şəxs daha sonra məşhurlaşaraq "Anderlext", "Nyukasl", "Fulhem" kimi klublarda oynadı. O münaqişədən sonra onunla görüşmüsünüz?
– Xeyr. Heç vaxt qarşılaşmamışıq. Amma o vaxt aramızda baş verənlər elə orada qaldı. Şadam ki, o hazırda 59 qolla Serbiya millisinin ən yaxşı bombardiridir. Hələ gənc olarkən bilirdim ki, onun yaxşı hücumçu olmaq üçün xarakteri var.
– O vaxt Serbiya mətbuatında nə demişdiniz ki, "Partizan" azarkeşləri sizə qarşı o dərəcədə aqressiv idi?
– Kimsə demişdi ki, guya mən oyuna "Srvena Zvezda"nın alt maykası ilə çıxacağam. Onda məyus olmuşdum. Çünki əynimdə ancaq "Neftçi"nin forması idi. Bu səbəbdən mənimlə dalaşırdılar (yeri gəlmişkən, həmin oyunda Stamenkoviçin dalaşdığı futbolçulardan biri də daha sonra "İnter", "Qəbələ" və "Neftçi"də oynamış Voyislav Stankoviç olub – S.M.).
– 4 il oynadığınız "Sabah" haqqında da danışaq. Ora keçidiniz necə alındı?
– Menecer Erkin İbrahimov mənə zəng etdi. Dedi ki, I Liqadan Premyer Liqaya çıxmış yeni komanda var. Onda Elşad Əhmədov komandaya yeni baş məşqçi təyin olunmuşdu. Təklifi qəbul etdim. 4 il orada oynadım. Ancaq nəticələrimiz zəif oldu. Niyə komanda inkişaf etmədi? Səbəblərini bilirəm. Klub prezidenti Maqsud Adıgözəlov haqda isə heç danışmaq istəmirəm...
– Onunla münasibətləriniz indi də qaydasında deyil?
– Mən tərəfdən heç bir problem yoxdur. Sadəcə, "Sabah"ı tərk edərkən o mənə erməni kimi yanaşdı. Həmin vaxt mənim şəxsi, ailəvi işlərim vardı. 15 il idi ki, uşağım olmurdu. Serbiyaya bunun üçün qayıtmışdım və pula ehtiyacım vardı. Ancaq o mənə 2 aylıq maaşımı vermədi.
– Nə qədər məbləğ idi?
– Rəqəmin önəmi yoxdur. Hətta o mənə indi 10 milyon da versə, həmin pulu götürmərəm. Azərbaycan üçün istər futbolçu, istərsə də insan kimi çox şey etmişəm. İnanıram ki, erməni mənə belə etməzdi, ancaq o etdi. Həmin pula görə mənim ailəmdə böyük problem yarandı. Bu haqda danışmaq utancvericidir, ancaq bu bir faktdır.
– Standart sual verim. Yaşınız çox olsa da, Azərbaycandan hansısa təklif gəlsə, yenidən qayıdarsınız?
– Düzünü desəm, artıq bu haqda düşünmürəm. Çünki burada əsas heyətdəyəm, gənclərə öz təcrübəmdən öyrədirəm. Səhhətim nə qədər imkan verəcəksə, 1-2 il də Serbiyada oynayacağam.
Səbuhi Musa
Luçani, Serbiya
.jpeg)
