Azərbaycan Basketbol Liqasının XIII turunda "Ordu" "Gəncə"yə qalib gəlib.
Prosport.Az xəbər verir ki, 3 gün əvvəl bu komandalar Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində Gəncədə qarşılaşmış və meydan sahibi 81:62 qalib gəlmişdi.
Çempionatın B qrupunda baş tutan matçı isə Bakı İdman Sarayında təşkil olunub. Bu dəfə əsl triller yaşanıb. Əsas vaxtda hesabı bərabərləşdirən "Ordu" matçı overtayma apararaq güclü rəqibinə qalib gəlib – 93:90.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" "Sabah"ı 67:59, NTD "Neftçi"ni 105:100, "Sumqayıt" "Şəki"ni 98:93 hesabı ilə məğlub edib. Tura hazırda Quba Olimpiya İdman Kompleksində keçirilən autsayderlərin matçı – "Quba" – "Lənkəran" oyunu ilə yekun vurulacaq.
